Bar qızlarını döydü, şirkət rəhbərlərini... - Bakıda ağlasığmaz dələduzluq

Bar qızlarını döydü, şirkət rəhbərlərini... - Bakıda ağlasığmaz dələduzluq Dələduzluq və xuliqanlıqda ittiham olunan Biləsuvar şəhər sakini, 1981-ci il təvəllüdlü Səbuhi Əliyevin və onunla birlikdə mühakimə olunan Şamil Taralovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Səbuhi Əliyev “Merac Holdinq” MMC-in idarə heyətinin sədri vəzifəsində, daha sonra isə “Antinari” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktor-marketinq meneceri vəzifəsində işləyib. Anket məlumatlarına görə, o, ali təhsilli olub və əvvəllər məhkum olunmayıb.

Səbuhi Əliyev əsasən gecə klublarının qarşısına gələrək, ora gələn gənc qızlara qarşı xuliqanlıq hərəkətləri edib. Səbuhi Əliyev həbs olunandan sonra onun çoxsaylı dələduzluq cinayətləri üzə çıxıb.

Cinsi əlaqədə olmaq istəyi

Belə ki, Səbuhi Əliyev Nəsimi rayonu, Bül-bül prospekti 40 ünvanında yerləşən “Tvilight” klubuna gəlib. Orada digər vətəndaşların gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub.

O, Rəhimə Əliyevanın (ad və soyad şərti verilib - red.) yanına gələrək onunla cinsi əlaqədə olmaq istədiyini deyib. Amma Rəhimə Əliyeva onun cinsi əlaqədə olmaq təklifini rədd edib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı o, təpiklə gənc qızı vurub.

Daha sonra Səbuhi Əliyev həmin gecə klubunda əylənməyə gələn Samirə Babayeva və onun bacısı Vəfa Babayevaya (hər iki bacının adı və soyadı şərti verilib – red.) qarşı xuliqanlıq edib.

O, Samirə Babayeva və onun bacısına yaxınlaşıb, onlarla cinsi əlaqədə olmaq üçün birlikdə evə getmələrini təklif edib. Amma hər iki bacı onun təklifi ilə razılaşmayıb. Bu zaman əsəbləşən Səbuhi Əliyev hər iki bacını döyərək, onlara xəsarət yetirib.

MMC rəhbərinə qarşı 3 min manatlıq dələduzluq

Bundan sonra onun çoxsaylı dələduzluq cinayətləri üzə çıxıb. O, 2012-ci ilin may ayının ortalarında özünü iş adamlarına Türkiyə Respublikasının vətəndaşı Əmrə Ünlü Miyar oğlu kimi təqdim edib. O, Sumqayıt şəhər sakini Tehran Rüstəmov ilə yaxın münasibətlər yaradıb.

Səbuhi Əliyev guya özünün yüksək rəhbər vəzifəli şəxslərlə əlaqələrinin olduğunu, onların yanında nüfuzlu şəxs kimi tanındığını iddia edib. O, Bakı şəhəri ərazisində “Bayraq meydanı”nın yaxınlığında 4 ədəd 5 mərtəbəli binanın söküntü işlərinin tenderdə qalib kimi “Murad” Tikinti Təmir Müəssisəsinin xeyrinə həll olunmasını və qeyd edilən işlərin həmin şirkətə tapşırılmasını təmin edəcəyini yalandan vəd verib. Tehran Rüstəmovu aldadaraq, onun 3000 manatını ələ keçirib.

12 min manatlıq cinayət

Bundan əlavə, Səbuhi Əliyev özünü vəzifəli şəxslərin qohumu kimi təqdim edərək daha bir dələduzluq cinayətinə imza atıb. O, Bakı şəhəri, Q.Quluyev küçəsi 41 ünvanında yerləşən ofisdə, Bakı şəhəri ərazisində tikintisi nəzərdə tutulan 1, eləcə də Sumqayıt şəhəri ərazisində təmiri nəzərdə tutulan 1 məktəbdə görüləcək işlərin tenderdə “Nicat” və “Xalid” MMC-nin qalib gələcəyini, işin həmin şirkətlərə tapşırılacağını təmin edəcəyini iş icraçısı Pərviz Məmmədova yalandan vəd edib. O, Pərviz Məmmədovu aldadaraq, Türkiyə Respublikası vətəndaşları - Müzəffər Şahin və Çelebi Mustafanın vasitəsi ilə hissə-hissə olmaqla, ümumilikdə 12858 manatını alıb.

Həmçinin, Səbuhi Əliyev Cəlilabad rayonu ərazisində tikintisi nəzərdə tutulan orta məktəbdə görüləcək işlərin tenderdə Məhəmməd Ağayevin icraçı direktoru olduğu “Cəlilabad su tikinti” MMC-nin xeyrinə udulucağını və işin həmin cəmiyyətə tapşırılıcağını təmin edəcəyini yalandan vəd verib. O, Məhəmməd Ağayevdən Müzəffər Şahin və Çelebi Mustafanın vasitəsi ilə cəmi 4500 manat alaraq dələduzluq edib.

Bundan başqa, Səbuhi Əliyev “Maks-inşaat” MMC-nin rəhbəri Qərib Balakişiyevdən 33 min manat, “Kapital” MMC-nin baş mühəndisi olan Ramiz Hüseynovdan 14 min 200 manat alaraq dələduzluq edib. O, daha sonra bir neçə şəxsi nazirliklərdə işə düzəldəcəyini vəd edib və onların xeyli miqdarda pullarını ələ keçirib. Bütün bu dələduzluq əməllərində ona Şamil Taralov köməklik edib.

Səbuhi Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə, Şamil Taralov isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Şamil Taralov da şərti cəzaya məhkum edilib.

Hökmdən narazı qalan Səbuhi Əliyev apelyasiya şikayəti verib. O, barəsində ədalətli qərar çıxarılmasını xahiş edib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Səbuhi Əliyevin apelyasiya şikayəti təmin edilməyib.

Bundan sonra o, Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Səbuhi Əliyevin kasasiya şikayəti təmin edilməyib.

Oxşar xəbərlər