Bakıda iş axtaran qadın döyülərək zorlanıbmış

Bakıda iş axtaran qadın döyülərək zorlanıbmış Zorlamada təqsirli bilinən Şabran rayon sakini, 1981-ci il təvəllüdlü Rövşən Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rövşən Əliməmmədov istintaqla müəyyən edilməyən mənbədən özünə ictimai iaşə obyektində münasib iş axtaran, əvvəllər tanımadığı Sevda Babayevanın (ad və soyad şərti verilib) mobil nömrəsini əldə edib. O, özünün istifadəsində olan mobil nömrə vasitəsi ilə 2014-cü ilin yanvar ayının əvvəllərində Sevda Babayeva ilə əlaqə yaradıb.

Rövşən Əliməmmədov Sevda Babayevaya SMS göndərmək və telefon danışığı aparmaqla işlədiyi kafeyə təcili qabyuyan tələb olunduğunu bildirib.

O, 2014-cü ilin yanvarın 16-da, təxminən saat 17.00-da qabyuyan kimi işə düzəltmək adı ilə aldadaraq Sevda Babayevanı özünün gözətçi işlədiyi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Narzan” restoranına çağırıb. Rövşən Əliməmmədov restoranın yaxınlığında Sevda Babayevanı qarşılayıb və həmin restorana gətirib. O, guya işin şərtlərini razılaşdırmaq üçün Sevda Babayevanı gözətçi otağına dəvət edib.

Daha sonra Rövşən Əliməmmədov orada tək spirtli içki qəbul edib, sonra Sevda Babayevaya onunla cinsi əlaqədə olmağı təklif edib.

Amma Sevda Babayeva onun təklifinə etirazını bildirib. Bu zaman Rövşən Əliməmmədov gözətçi otağının qapısını içəridən bağlayıb və kafenin mətbəxindən götürdüyü bıçaqla Sevda Babayevanı hədələyib. Rövşən Əliməmmədov cinsi əlaqədə olmaq barədə tələbi ilə razı olmayacağı təqdirdə Sevda Babayevanı öldürəcəyini bildirib.

Sonra Rövşən Əliməmmədov Sevda Babayevaya qarşı zor tətbiq edib, cinsi əlaqədə olmaq niyyətini həyata keçirmək üçün saçından tutaraq dartıb. O, kafenin həyətindən götürdüyü “bel” sapı ilə Sevda Babayevanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Rövşən Əliməmmədov bu hərəkətləri ilə Sevda Babayevaya çoxsaylı bədən xəsarətləri yetirib və daha sonra müqavimətini sındıraraq, onunla cinsi əlaqədə olub. Təcavüzə məruz qalan Sevda Babayeva hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında Rövşən Əliməmmədov həbs edilib.

Rövşən Əliməmmədov Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əliməmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rövşən Əliməmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, yeni ədalətli hökm çıxarılmasını istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsində, hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Rövşən Əliməmmədovun kasasiya şikayəti təmin edilməyib.

Bundan sonra Rövşən Əliməmmədov kasasiya şikayəti verib. O, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, barəsində yeni ədalətli qərar qəbul edilməsini xahiş edib.

Rövşən Əliməmmədovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Rövşən Əliməmmədovun şikayəti təmin edilməyib.

Oxşar xəbərlər