Parisdən Bakıya qarşı erməni gedişi – Olland Sərkisyanı yanına çağırdı və...

Parisdən Bakıya qarşı erməni gedişi – Olland Sərkisyanı yanına çağırdı və... Fransa prezidenti Fransua Olland martın 8-də Parisdə erməni həmkarı Serj Sərkisyanla görüşəcək. Musavat. com Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Olland Fransadakı erməni təşkilatlarının koordinasiyası üzrə Şuranın toplantısında çıxışı zamanı bildirib. Fransa lideri qeyd edib ki, bu il Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci il dönümüdür və o, bu münasibətlə erməni həmkarını Fransaya səfərə dəvət edib.

Səfər çərçivəsində tərəflərin ikitərəfli əlaqələri müzakirə edəcəyi bildirilir. Fransa prezidentinin sözlərinə görə, görüş zamanı Qarabağ məsələsinə də toxunulacaq. Bu xüsusda o deyib: “Fransa bu məsələdə ABŞ və Rusiya kimi Minsk Qrupunun həmsədrlərindən biri olaraq, xüsusi məsuliyyət daşıyır. Biz tələsirik. Bu problemin həlli üçün tələsmək həqiqətən də var. Çünki ötən ilin dəhşətli aprel insidenti bizə xatırlatdı ki, Qarabağda hər gün və ya demək olar, hər gün insanlar ölür. Biz qarşıdurmanı önləmək üçün hərəkətə keçməliyik. Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir”.

Fransa lideri daha sonra sülh danışıqlarının perspektivinə toxunaraq deyib: “Döyüşlər bitdi, dialoq başlandı, atəşkəs haqda anlaşma əldə olundu. Ancaq biz atəşkəsin əldə edilməsi ilə qane ola bilmərik. Ona görə ki, bu, problemin həlli deyil. Biz konfliktin nizamlanmasına yönəlik real danışıqlara başlamalıyıq. Böyük bir səhv olardı düşünmək ki, situasiya sabitləşib. Biz münaqişənin "Madrid prinsipləri"də əksini tapmış nizamlama elementlərinə müraciət etməliyik. Biz həmçinin bilirik ki, həmin prinsiplər tətbiq olunarkən “Dağlıq Qarabağ xalqı”nın (dırnaqlar bizimdir - red.) öz müqəddəratını təyinetmə hüququna əsaslanmalıdır. Bu istiqamətdə addımlar atılması üçün də Fransa Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil edəcək".

***
Fransa Ollandın yuxarıdakı fikirləri, xüsusən də onun “Dağlıq Qarabağ xalqı”, “öz müqəddəratını təyin etmə hüququ” ifadələrini işlətməsi, üstəlik, bunu Parisdə, ermənilərin tədbirində səsləndirməsi diqqət çəkməyə bilməz. Belə təxribatçı fikirlər eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin ötən ay söylədiyi “Azərbaycan torpaqlarında heç vaxt ikinci uydurma erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik, bunu gözləyənlər boşuna gözləyir” bəyanatından az sonraya təsadüf eləməsi ilə ikiqat diqqət kəsb edir.
Yəni Ollandın yanaşması faktiki surətdə Azərbaycanın dövlət başçısının, Azərbaycanın özünün prinsipial mövqeyi ilə ziddiyyətdədir. Odur ki, bunu ilk növbədə Fransa prezidentinin gethagetdə “kiçik bacı” Ermənistana reveransı, ermənilərin könlünü almaq cəhdi, Bakıya münasibətdə isə neytral vasitəçilik missiyası ilə bir araya sığmayan provokasiya kimi qiymətləndirmək lazım gəlir.

Əvvəla, ona görə ki, “Madrid prinsipləri” deyilən sənəd Azərbaycan və Ermənistan parlamentlərində təsdiq edilməyib ki, onun hüquqi qüvvəsi olsun. Azərbaycan tərəfi ona 10-a yaxın əlavə edib, çünki ilkin variantda o, ölkənin Konstitusiyası ilə ziddiyyət təşkil edir.
İkincisi, “Madrid prinsipləri”ndə ərazi bütövlüyü məsələsi də var - hansını ki, cənab Olland nədənsə görməzlikdən gələrək, “öz müqəddəratını təyinetmə hüququ”nu qabardır. Bununla da bir daha rəsmi Parisin Dağlıq Qarabağ məsələsində qərəzsiz vasitəçi olmadığını nümayiş etdirmiş olur.

Üçüncü yandan, erməni xalqı öz müqəddəratını artıq “Ermənistan” şəklində müəyyən edibsə, Olland hansı haqla Azərbaycandakı bir ovuc erməniyə öz müqəddəratını təyin etmə hüququ istəyir?

***
Zatən, saxta erməni soyqırımını ilk tanıyan və onun inkarına görə cəza tətbiq etməyə çalışan (təşəbbüs müəllifi Fransua Oland idi!) Fransadan ədalətli mövqe gözləməyə də dəymir. Əfsus ki, vaxtilə bu dövləti Minsk Qrupu həmsədrliyinə gətirilməklə, onun problemin həllinə töhfə verəcəyi barədə ümidlər doğrulmadı. Keşkə, rəsmi Bakı üçüncü həmsədr dövlət kimi Türkiyə və ya Almaniyada təkid edərdi.

Yada salaq ki, Ollandın prezidentlik dönəmində artıq bir dəfə (2014, 27 oktyabr) Parisdə prezidentlərin görüşü keçirilib. Ancaq həmin görüşdən cəmi bir həftə sonra erməni silahlı qüvvələri Azərbaycanın işğal altındakı ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlamaqla sülh anlaşmasına olan kövrək ümidləri də basdırdılar (Erməni hərbi vertolyotu məhz həmin təlimlər zamanı Ağdam üzərində Azərbaycan qüvvələri tərəfindən vurulmuşdu).

Bundan aylar sonra cənab Olland təzədən prezidentlərin görüşünü təşkil etməyə cəhd göstərdi. Ancaq təşəbbüs boşa çıxdı. Əslində elə yaxşı ki, boşa çıxdı. Saxta soyqırımın iddiasının 100-cü ildönümündə Ermənistana getmiş cəmi üç prezidentdən biri olan Fransua Olland münaqişənin ədalətli həllinə hansı töhfəni verə bilər(di) ki - üstəlik, onun prezidentlik müddətinin bitməsinə sayılı aylar qalıbsa... \\musavat.com\\

Oxşar xəbərlər