Qazın qiyməti yenə qaldırılacaq?

Qazın qiyməti yenə qaldırılacaq? Azərbaycan Dövlət Neft Şikrəti (SOCAR) yenə qazın qiymətinin artırılacağının anonsunu verib.

Musavat.com xəbər verir ki, şirkətin vitse-prezidenti Süleyman Qasımov deyib ki, manatın dollara nisbətdə dəyərsizləşməsi davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək. SOCAR rəsmisi qazın qiymətinin artıracağına eyham vuraraq bildirilib: “Manat dollara nisbətdə ucuzlaşdığı üçün SOCAR-ın zərəri yaranır. Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz kimi, daxili tələbat SOCAR-ın hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir. Manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək”.

Ekspert İlham Şaban məsələ ilə bağlı sayta açıqlamasında bildirdi ki, SOCAR rəsmisinin dediklərində müəyyən əsaslar var: “O əsaslar onunla əlaqədardır ki, hazırda ölkə bazarına daxil olan qazın 4 milyard kubmetrə yaxını xarici valyuta ilə alınır. Bu, əvvəllər devalvasiyadan öncə faktiki olaraq 50 manat civarında idi, bunu SOCAR 100 manata satırdı, bu, gəlirli idi. Ancaq indi bu rəqəm yüz manatı aşır, 115 manat səviyyəsində alınır. Ona görə də bu cür fikirlər ölkədəki iqtisadi vəziyyətlə əlaqədardır”.

Ekspertin sözlərinə görə, ikinci bir məsələ odur ki, 2016-cı ildə 2015-ci illə müqayisədə bir obyektiv səbəb də var: “Əmtəəlik qaz hasilatı bir milyard kubmetr daha az hasil edilir. Burada ”Azneft" İstehsalat Birliyində hasilatın azalması var. 2016-cı ildə əmtəəlik qaz “Azəri-Çıraq-Günəşli”dən Dövlət Neft Şirkətinə verilən səmt qazı idi. O qaz neft quyularına vuruldu ki, hasilat stabilləşsin. Bu, belə oldu. Neftin qiyməti qazdan baha olduğundan, nefti bazara çıxarıb satmaq qazdan daha sərfəlidir. Bu, iqtisadi baxımdan yaxşı düşünülmüş addım idi. Ona görə “Azəri-Çıraq-Günəşli”dən 700 milyon kub metr az qaz alındı. Bir tərəfdən də “Azneft”in özünün hasilatı azaldı. Çünki “Günəşli” yatağında qəza olmuşdu. O, çox yaxşı bir platforma idi, oradan təqribən 350 milyon kubmetrə yaxın illik qaz hasil olunurdu. O, daxili bazara gəlmədi. Bunun nəticəsində ölkənin daxili bazarında defisit yarandı. Ona görə də “Şahdəniz”dən daha çox qaz alınmağa başladı. Bu da hamısı vəsaitdir. Həm də Dövlət Neft Şirkəti günahkar deyil ki, Azərbaycan manatı bu qədər dəyərini itirir".

Yada salaq ki, təbii qazın qiyməti son dəfə ötən il noyabrın 28-də qaldırılıb. Tarif Şurasının qərarına görə, yanvarın 1-dən illik 1500 kubmetrdən çox qaz işlədənlər hər artıq kubmetrə görə 20 qəpik ödəyəcəkdi. Göstərilən həddi keçməyənlər hər kubmetrə görə yenə 10 qəpik qazpulu verəcəkdi. Daha sonra Tarif Şurasının qərarı bir qədər dəyişdi. Əhali həmin tarixdən 1500 deyil, 1700 kubmetr qaz tükədərsə, əvvəlki qədər - 10 qəpik qazpulu ödəyəcək.

Oxşar xəbərlər