Fransada keçirilən futbol üzrə Avropa çempionatında “C” qrupunun üçüncü turunun oyunları keçirilib.
Marselin “Velodrom” stadionunda Polşa yığması Ukraynanı minimal hesabla məğlub edib. Matçda yeganə qolu 54-cü dəqiqədə Yakub Blaşikovski vurub.
Paralel keçirilən oyunda Almaniya yığması eyni hesabla Şimali İrlandiya komandasına qalib gəlib. Son dünya çempionlarının heyətində 30-cu dəqiqədə Mario Qomez fərqlənib.
Bu nəticələrdən sonra, Almaniya komandası 7 xalla qrup lideri kimi 1/8 final mərhələsinə adlayıb. Polşa millisinin də hesabında 7 xal olmasına baxmayaraq, Adam Navalkanın yetirmələri almanlardan top fərqinə görə geri qalıblar və ikinci pillədən play-off mərhələsinə vəsiqə qazanıblar.
Hesabında 3 xal olan Şimali İrlandiya yığmasının növbəti mərhələyə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.
Avropa çempionatında bir qol belə vurmayan Ukrayna millisi turnir ilə vidalaşıb.