
Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda hər ay şöbələrdən «ödəniş» yığılır: «Bildirilir ki, məhz elə bu səbəbdən də xəstəxananın tibb personalı məcburiyyət qarşısında qalıb xəstələrə, onların yaxınlarına gəlir mənbəyi kimi baxır, onları əlavə xərcə salır, bir sözlə söyub soğana çevirirlər. Hələ bu, harasıdır. Deyilənlərə görə, adıçəkilən tibb müəssisəsində ya rentgen aparatları işləmir, ya da onları işlətmək həkimlərə sərf etmir. Elə bu səbəbdən də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutun bəzi həkimləri pasiyentləri müayinə üçün Bakıda fəaliyyət göstərən «Təbriz Mehr» Klinikasına göndərirlər. Bunun səbəbini araşdırdıqda məlum olur ki, xəstələri həmin klinikaya göndərən həkimlər hər pasiyentə görə faiz alırlar. Ümumiyyətlə, Vaqif Verdiyevin rəhbərlik etdiyi tibb ocağında mövcud olan neqativ halları sadalamaqla bitən deyil. Belə ki, qanunsuzluqlar təkcə direktor, baş həkim, şöbə müdirləri, həkimlər səviyyəsində deyil, tibb bacıları, xadimələr səviyyəsində də baş alıb gedir. Məsələn, xəstənin bir mərtəbədən digərinə liftlə qaldırılıb-endirilməsi, əməliyyat otağından palataya köçürülməsi, xəstəyə sisitem köçürülməsi, ağır vəziyyətə gələn şəxsin sarğı edilməsi və s. bu kimi əməliyyatlara görə xəstə yiyəsindən açıq-aşkar şəkildə «ödəniş» tələb olunur. Hətta baş həkimin katibəsi özünün işi olan hərbi xidmətə çağırışçıların blankını doldurmağı da haqqı ödənilməli xidmət növü kimi təqdim edir». Mənbə iddia edir ki, ən çox narahatçılıq doğuran problemlərdən biri də hərbi xidmətə çağırış yaşlı gənclərin sağlamlıq durumu ilə bağlı institutun verdiyi rəylərlə bağlıdır: «Deyilənlərə görə, bu tibb müəsisəsinə müraciət edən mülki vətəndaşlar kimi, hərbi çağırışçılar da süni maneələr və əlavə xərclərlə üz-üzə qalırlar. Məsələn, Vaqif Verdiyevin direktoru olduğu tibb ocağında irəli sürülən «şərt»lərə əməl etməklə hərbi xidmətə çağırışdan möhlət hüququ almaq mümkündür. Yəni heç bir yoxlama, müayinə keçmədən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilən sənədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə təqdim etməklə «neqodnıy» olduğunu rəsmiləşdirmək olar. Bildiyiniz kimi, I dərəcəli yastıdabanlılıq qüsurları olan şəxslər hərbi xidmətə yararsız sayılırlar. Daha çox isə II dərəcəli belə nöqsanı olanlara rast gəlinir. Belə ki, II dərəcədən I dərəcəyə keçmək və bu yolla hərbi xidmətdən yayınmaq istəyənlər 1000-1500 manatlarından da keçməlidirlər ki, institut tərəfindən orduya yararsız hesab olunsunlar. Qeyd edim ki, bu proses rəhbərliyin nəzarəti altında həyata keçirilir. Əgər aidiyyəti qurumlar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda obyektiv araşdırma aparsalar, o zaman deyilənlərin həqiqət olduğunu müəyyənləşdirə bilərlər».