Bananlardakı xəstəlik şayiəsi ilə bağlı – AÇIQLAMA

Bananlardakı xəstəlik şayiəsi ilə bağlı – AÇIQLAMA “Ölkəyə geni dəyişdirilmiş bananlar da gətirilir”

Artıq bir neçə gündür sosial şəbəkələrdə, tərkibində yoluxucu xəstəlik olan bananların satılması ilə bağlı xəbərlər yayılır.

Sosial şəbəkələrdə və bəzi saytlarda gedən yazılarda ölkəyə gətirilən bananlara iynə vasitəsilə qan xəstəliyinin yeridilməsi iddia olunur.

Hətta içərisində qırmızı ləkələr olan bananın şəkli bir neçə saytda da yayılıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında bu xəbərləri inandırıcı hesab etmədiyini deyib:

"Ölkəyə geni dəyişdirilmiş bananlar da gətirilir. Lakin məqsədli şəkildə bu meyvəyə qan xəstəliyinin yeridilməsi şayiədir".

Tibbi ekspert, həkim Rasif Bağırov isə deyib ki, qan xəstəliklərinin yaranması olduqca mürəkkəb prosesdir və tibb elmi konkret olaraq bunun səbəbini hələ də açıqlaya bilməyib.

Ekspert də yayılan məlumatı şayiə hesab edir.

Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə iddia edir ki, məsələ çox ciddidir və dövlət bunu təcili araşdırmalıdır.

Onun fikrincə, qan elementi nümunəsinin meyvəyə keçirilməsi müəyyən risklər yaradır.

"Lakin yada salmaq lazımdır ki, virus həyatın qeyri-hüceyrəvi formasıdır. O yalnız canlı orqanizmə düşəndən sonra onun resurslarından istifadə edib çoxala bilir. Viruslar canlı həyatdan kənarda artıb çoxala bilmir", - deyə ekspert vurğuladı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirdilər ki, onlarda belə bir məlumat yoxdur və heç bir şikayət daxil olmayıb.

Oxşar xəbərlər