Aygün Kazımovadan ağır xəstəliyə tutulması xəbərinə – AÇIQLAMA

Aygün Kazımovadan ağır xəstəliyə tutulması xəbərinə – AÇIQLAMA “Acıbadəm xəstəxanasında idim”

Xalq artisti Aygün Kazımova ötən gün saytlarda haqqında yayılan ağır xəstəliyə tutulması və buna görə ölkəni tərk etməsi xəbərinə aydınlıq gətirib.

Açıqlama verən müğənni bunun ona qarşı hazırlanan qara piar olduğunu söyləyib:

“Artıq bir neçə gündür Bakıdayam. 5 apreldə İstanbula səfər etdim və bunu “İnstagram”dakı rəsmi səhifəmdə izləyicilərimlə bölüşdüm. Axı mən hər dəfə qeyd edirəm ki, mənim heç kəsdən gizlədəcəyim addımım yoxdur və olmayıb. Sevincimi, kədərimi, ağrımı-acımı, problemimi hər zaman sizinlə bölüşmüşəm.

Necə ki, aprel ayının 6-sı xalqımın ağır günlərində, məhz həmin günlərlə bağlı görüntülər paylaşdım. Vətəndən kənarda da olsam vətənim və vətandaşlarımla hər zaman birgə olduğumu hiss etdirmişəm. Bu, mənim vətandaşlıq borcumdur. İçimdən gəlir, qanımda axır.

Bu görünütləri paylaşanda mən Acıbadəm xəstəxanasında idim. Amma kimlərinsə uydurduğu ağır xəstəliyə görə yox, kiçik bir estetik əməliyyatla bağlı. Bu estetik əməliyyatdan sonra elə İstanbulda ikən imic dəyişikliyi etdim. Nə sübuta yetirilən xəstəliyim var, nə də açıqlanması guya yasaq olacaq diaqnozum.

5 apreldə necə sağ-salamat İstanbula yola düşmüşdümsə, 7 apreldə elə də sağlam, hətta yeni şamplena görkəmimlə vətənimə geri döndüm.

Bu gün məkirli məqsədi ilə gündəmə gəlmək istəyən vəkilə demək istəyirəm ki, illərdir müdafiə etdiyi tərəfi boşuna xəyal qırıqlığına uğratmasından danışsın, mənim olmayan xəstəliyimdən yox. Xəstəliyim haqda yaydığı xəbər şər və böhtandır.

Mən ildə bir neçə dəfə Acıbadəm xəstəxanasına gedirəm, bunun məqsədi estetik əməlyatlarımla bağlıdır və bunu hər zaman elə özüm söyləyirəm.

Görünür, vəkilin xəbəri bu cür yaymaqda məqsədi məhkəmələrdə onlara sərf etməyən nəticələrin əldə olunmasıdır. Əgər mən susuramsa, bu o demək deyil ki, mən məğlub tərəfəm. Sadəcə boş və maraqsız saydığım söhbətlərlə gündəmi zəbt etmək istəmirəm. Özü də Azərbaycanımın bu günlərində.

Məhz elə bu günlərdə mənə edilən növbəti qara piara da toxunmaq istəyirəm. Gündəmə bu kimi mövzuları gətiməkdənsə, birləşək, bir olaq, birlik nümayiş etdirək kimi mövzuları gətirmək lazımdır. Mən inanmıram ki, damarında vətənpərvər qanı axan kim isə öz millətinin nümayəndəsini bu yolla ləkələsin”.

Xalq artisti musavat.com saytında yer alan Azərbaycanın hüquq-mühafizə orqanlarnın onunla bağlı araşdırmaya başlaması xəbərinə isə belə cavab verib:

““Müsavat” saytının hansısa cinsi azlığın sözü ilə gündəmə gətirdiyi məkirli məlumatı barədə açıqlama vermişdim və mənə atılan şərə görə yazı müəllifini, saytı məhkəməyə vermişəm.

Bu günlərdə həmin saytda çıxan növbəti yazıda guya mənimlə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparıldığı qeyd olunub.

Mənim özüm üçün də maraqlıdır, o necə araşdırmadır ki, “Müsavat” saytının xəbəri var, amma mənim xəbərim yoxdur?! Araşdırılan şəxs mənəmsə, mənə zəng gələr, məktub göndərilər, sorğu-sual olunaram.

İndi Aygün, ya qeyri-Aygün, şou-biznesdəki qalmaqalları gündəmə gətirmək zamanı deyil”.

Oxşar xəbərlər