İlham Əliyev: Bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər

İlham Əliyev: Bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər “Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür”

O vaxt problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur. Çünki siz gənclər, təbii ki, o illəri xatırlamırsınız. Əlbəttə ki, bizim nəsil - o illəri yaşamış insanlar kimi biz o dövrü yaxşı xatırlayırıq. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi.

Bunu yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə bildirib.

Prezident qeyd edib ki, birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər.

“O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır.

O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular.

Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir.

Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi.

Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var.

Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür. Görün, hüquq mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi.

Yəni, budur, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin öndə gedənləri. Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar.

Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə - 1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmişlər, qaçıb gizlənmişlər və onların dırnaqarası cəsarəti artıq aradan getmişdir”, - deyə, İlham Əliyev bəyan edib.

Oxşar xəbərlər