Azərbaycan ucuz siqaret istehsalına başlayacaq

Azərbaycan ucuz siqaret istehsalına başlayacaq "Dövlət başçısının tapşırığına əsasən, tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq. Görülən işlər nəticəsində tütün əkini sahələri genişləndiriləcək"

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev geniş kollegiya iclasında çıxış edərkən söyləyib. Onun sözlərinə görə, 2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq.

"Həyata keçirilən tədbirlər fermerlərdən yaş tütünün alış qiymətinin ciddi şəkildə artırılmasına imkan yaradacaq. Tütünçülüyün inkişafı ilə bağlı aparılmış müzakirələrdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kiloqram üçün 16 qəpik), ikinci növü yaş tütünün bir kiloqramını 15 qəpiyə (2015-ci ildə 1 kiloqram üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər".

Mütəxəssislər isə hesab edir ki, Azərbaycanın torpaq iqlim şəraiti keyfiyyətli tütün istehsal etməyə imkan verir. Artıq ölkəmizə yeni tütün sortları gətirilib və torpağa adaptasiya edilib. Azərbaycan istehsala üstünlük verməklə tütünü daha ucuz qiymətə əldə edə bilər. Bununla yanaşı, ölkəmiz ucuz məhsul istehsal edə və qonşu ölkələrə də ixrac edə bilər. Bəzi ölkələrin iqlim şəraiti tütün istehsalı üçün əlverişli deyil. Azərbaycan tütün istehsalı ilə məşğul olmaqla əldə etdiyi məhsulları həm xammal kimi, həm də hazır məhsul kimi dünya bazarına çıxara bilər. Bununla da əlavə gəlir əldə etmək mümkün olar.

Azərbaycanın yerli istehsala üstünlük verməsindən sonra ölkəmizdə tütün məhsullarının qiymətinin xeyli dərəcədə ucuzlaşacağını güman etmək olar. Əlbəttə ki, Azərbaycan siqareti idxal yox, istehsal etsə o zaman qiymətlər hazırkı rəqəmlərdən dəfələrlə aşağı olacaq. Bununla yanaşı, aldığımız siqaret həm keyfiyyətli, həm də ucuz olacaq.

Oxşar xəbərlər