Azərbaycan öz resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də tərəfdaş ölkələr üçün strateji təminat vasitəsi kimi görür

Azərbaycan öz resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də tərəfdaş ölkələr üçün strateji təminat vasitəsi kimi görür
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın enerji diplomatiyasında növbəti mühüm mərhələ kimi yadda qaldı. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezident İlham Əliyev ölkənin enerji strategiyasının hazırkı mərhələsini, qlobal çağırışlar fonunda prioritetləri və gələcək istiqamətləri əhatəli şəkildə təqdim etdi. Dövlət başçısının nitqi təkcə hesabat xarakteri daşımırdı, eyni zamanda dəyişən dünya enerji xəritəsində Azərbaycanın mövqeyinə dair aydın siyasi mesaj idi. Prezident İlham Əliyev vurğuladı ki, Cənub Qaz Dəhlizi artıq nəzəri layihə deyil, real və işlək enerji arteriyasıdır. Bu təşəbbüs bir neçə ölkəni və transmilli şirkətləri birləşdirərək enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Onun sözlərinə görə, enerji təhlükəsizliyi bu gün milli təhlükəsizliyin ayrılmaz hissəsidir və Azərbaycan uzun illərdir etibarlı tərəfdaş imicini konkret əməli addımlarla təsdiqləyir. Müqavilələrə sadiqlik, vaxtında icra və siyasi sabitlik ölkənin enerji sektorunda əsas üstünlüklər kimi təqdim olundu. Çıxışda diqqət çəkən əsas məqamlardan biri qaz ixrac coğrafiyasının genişlənməsi və Avropa bazarında artan tələbatın qarşılanması məsələsi idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də tərəfdaş ölkələr üçün strateji təminat vasitəsi kimi görür. Enerji marşrutlarının şaxələndirilməsi, infrastrukturun gücləndirilməsi və yeni yataqların işlənməsi perspektiv planların əsas istiqamətlərindəndir. Bununla yanaşı, dövlət başçısı ənənəvi enerji ilə yanaşı bərpaolunan enerji mənbələrinin inkişafını da prioritet elan etdi. Xüsusilə günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələrin Azərbaycanın uzunmüddətli enerji strategiyasında mühüm yer tutduğu bildirildi. Prezident İlham Əliyev vurğuladı ki, “yaşıl enerji”yə keçid qlobal iqlim gündəliyinin tələbi olmaqla yanaşı, ölkənin daxili enerji balansının optimallaşdırılmasına və ixrac potensialının artırılmasına xidmət edir. Nitqdə regional əməkdaşlıq məsələlərinə də xüsusi yer ayrıldı. Prezident İlham Əliyev qeyd etdi ki, enerji layihələri yalnız iqtisadi deyil, həm də siyasi sabitlik yaradan amildir. Qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan tərəfdaşlıq modeli Cənub Qaz Dəhlizi çərçivəsində özünü doğruldub və bu platforma artıq daha geniş enerji dialoquna çevrilib. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində çıxış isə Azərbaycanın gələcəyə baxışını əks etdirirdi. Dövlət başçısı bildirdi ki, ölkə enerji keçidini mərhələli və balanslaşdırılmış şəkildə həyata keçirəcək. Məqsəd yalnız istehsalı artırmaq deyil, həm də innovativ texnologiyaları tətbiq etməklə enerji səmərəliliyini yüksəltməkdir. Bu yanaşma Azərbaycanın həm karbohidrogen resursları, həm də alternativ enerji potensialı baxımından paralel inkişaf modelini seçdiyini göstərir. Prezident İlham Əliyevin çıxışı ümumilikdə Azərbaycanın qlobal enerji gündəmində fəal və təşəbbüskar rolunu bir daha nümayiş etdirdi. Enerji təhlükəsizliyi, tərəfdaşlığa sadiqlik və yaşıl transformasiya xətti Bakıda keçirilən iclasların əsas mesajı kimi önə çıxdı. Azərbaycanın enerji siyasəti bu gün yalnız milli maraqlara deyil, eyni zamanda regional və beynəlxalq sabitliyə xidmət edən strateji kurs kimi təqdim olunur. Eyni zamanda Prezident vurğuladı ki, enerji sahəsində əldə olunan uğurlar ölkənin ümumi iqtisadi inkişaf strategiyası ilə uzlaşdırılmış şəkildə həyata keçirilir. O qeyd etdi ki, enerji gəlirlərinin düzgün idarə olunması qeyri-neft sektorunun inkişafına və sosial rifahın yüksəldilməsinə xidmət edir. Dövlət başçısı bildirdi ki, Azərbaycan artıq yalnız xammal ixrac edən ölkə kimi deyil, həm də enerji təşəbbüsləri irəli sürən və regional proseslərə istiqamət verən aktor kimi çıxış edir. Onun sözlərinə görə, qarşıdakı illərdə yeni infrastruktur layihələri Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini daha da artıracaq. Prezident İlham Əliyev əlavə etdi ki, tərəfdaş ölkələrlə uzunmüddətli müqavilələr qarşılıqlı etimadın və strateji baxışın göstəricisidir. O, enerji diplomatiyasının Azərbaycanın xarici siyasətində mühüm alətə çevrildiyini xüsusi vurğuladı. Dövlət başçısı yaşıl enerji layihələrinin reallaşdırılmasının ölkənin beynəlxalq iqlim təşəbbüslərinə töhfə verdiyini diqqətə çatdırdı. Bildirildi ki, Xəzər hövzəsinin potensialı təkcə karbohidrogenlərlə məhdudlaşmır və alternativ enerji baxımından da böyük imkanlara malikdir. Prezident İlham Əliyev qeyd etdi ki, bütün bu addımlar Azərbaycanın etibarlı, məsuliyyətli və gələcəyə hesablanmış siyasət yürüdən dövlət olduğunu təsdiqləyir. Çıxışının sonunda isə o, əməkdaşlığın genişlənəcəyinə və birgə səylərlə enerji təhlükəsizliyinin daha möhkəm əsaslar üzərində qurulacağına əminliyini ifadə etdi.

Pirşağı qəsəbəsi,112 nömrəli tam orta məktəbin
direktor müavini Nigar Piriyeva


Oxşar xəbərlər