Azərbaycanın enerji siyasəti uzun illər neft və qaz amili üzərində qurulsa da, son onillikdə bu yanaşmanın təkbaşına icra edilməsi ölkənin gələcək inkişaf tələblərinə cavab vermədiyi aydın şəkildə görünür. Qlobal enerji bazarlarında baş verən struktur dəyişiklikləri, iqlim gündəliyinin beynəlxalq siyasətdə prioritetə çevrilməsi, texnoloji transformasiya və xüsusilə süni intellekt, rəqəmsal iqtisadiyyat kimi yüksək enerji tələb edən sahələrin sürətli inkişafı Azərbaycan üçün enerji siyasətində yeni mərhələnin başlanmasını zəruri edib. Bu kontekstdə bərpaolunan enerji mənbələrinin inkişafı artıq alternativ seçim deyil, strateji dövlət siyasətinin əsas sütunlarından biri kimi formalaşır.Azərbaycanın bərpaolunan enerji siyasətinin əsas hədəfləri 2020-ci ildən etibarən konseptual şəkildə müəyyənləşdirilib. 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması məqsədi həm daxili enerji balansının şaxələndirilməsi, həm də ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu hədəf təsadüfi müəyyənləşdirilməyib. Aparılan texniki qiymətləndirmələr göstərir ki, Azərbaycanın bərpaolunan enerji potensialı regional və qlobal miqyasda diqqət çəkən səviyyədədir. Quruda 135 QVt, Xəzər dənizində isə 157 QVt həcmində texniki potensial ölkənin gələcək enerji xəritəsini köklü şəkildə dəyişə biləcək imkanlar yaradır.
Bərpaolunan enerji siyasətinin mərkəzində təkcə enerji istehsalı dayanmır. Bu siyasət, eyni zamanda, iqtisadiyyatın strukturunun yenilənməsi, ixracın şaxələndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və karbon emissiyalarının azaldılması kimi bir-biri ilə sıx bağlı strateji məqsədlərə xidmət edir. Ən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, yaşıl enerji mənbələrinin genişlənməsi ölkənin təbii qaz resurslarından daha səmərəli istifadəyə şərait yaradır. Elektrik enerjisi istehsalında qazdan istifadənin azalması həmin həcmlərin ixrac bazarlarına yönəldilməsinə imkan verir ki, bu da Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini daha da gücləndirir.
Nəticə etibarilə Azərbaycanın bərpaolunan enerji siyasəti ayrı-ayrı layihələrin cəmi deyil, uzunmüddətli strateji baxışın təzahürüdür. Bu siyasət enerji təhlükəsizliyi, iqtisadi inkişaf, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq kimi əsas istiqamətləri vahid konsepsiya daxilində birləşdirir. Yaşıl enerji həm ölkənin daxili tələbatını ödəyir, həm ixrac imkanlarını genişləndirir, həm də gələcəyin iqtisadiyyatını formalaşdıran sahələr üçün etibarlı enerji bazası yaradır. Azərbaycan bu yolla təkcə regionda deyil, daha geniş coğrafiyada enerji keçidinin fəal iştirakçısı kimi mövqeyini möhkəmləndirir.
Qüdrət Əlipənahov - Pirşağı bələdiyyəsinin sədri