Azərbaycanın enerji potensialı çox böyükdür

Azərbaycanın enerji potensialı çox böyükdür
Cənab prezident İlham Əliyevin 2022-ci il 25 oktyabr tarixli Sərəncamına əsasən, ölkədə enerji dayanıqlığının təmin edilməsi, artan tələbatın qarşılanması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, təbii qaza qənaət və ətraf mühitin qorunması məqsədilə Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində elektrik stansiyasının tikintisinə qərar verilib və 2023-cü ildə 1880 MVt-lıq yeni stansiyanın təməlqoyma mərasimi keçirilib. Baş mühəndis deyir ki, Azərbaycanın peşəkar mühəndislərinin təklifləri əsasında hazırlanmış layihəyə dünyanın nüfuzlu enerji şirkətləri və müstəqil texniki ekspertlər cəlb olunub. Keçirilmiş tenderlər nəticəsində məsləhətçi şirkət kimi İsveçin tanınmış AFRY şirkəti seçilib. Beynəlxalq praktikada bu cür layihələrin hazırlanması adətən 1 ildən çox vaxt tələb etsə də, İspaniyanın IDOM şirkəti ilə “AzərEnerji”nin Energetika İnstitutunun mütəxəssisləri tikinti işlərinə paralel olaraq layihələndirməni də həyata keçiriblər.
Stansiya ərazisində 15 min kubmetrdən artıq svay vurulub və 7200 ton metal konstruksiya işi görülüb. Dayanıqlı qaz təchizatı üçün 10 kilometr uzunluğunda yeni qaz xətti inşa olunub, iki qazpaylayıcı və tənzimləyici stansiya tikilib, müstəqil kompressor qurğuları quraşdırılıb. Yeni stansiyanın enerji sisteminə inteqrasiyası üçün “Azərbaycan” İES-in 500 və 330 kV-luq yarımstansiyaları yenidən qurularaq genişləndirilib. Həmçinin “Mingəçevir–Samux” ötürmə xətti və “Samux” yarımstansiyasında yenidənqurma işləri həyata keçirilib.
Ümumi effektivliyi artırmaq məqsədilə “AzərEnerji” Mingəçevirdəki “Azərbaycan” İES-in iki enerji blokunun buxar turbinlərini modernləşdirib. Yeni elektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə illik 1 milyard kubmetr təbii qaza qənaət etməyə və 2 milyon ton karbon qazının atmosferə buraxılmasının qarşısını almağa imkan verir. Faydalı iş əmsalı 17 faiz artaraq, 38,5 faizdən 55,5 faizə yüksəlib.
Ərazi ilə tanış olarkən bildirildi ki, “8 Noyabr” müstəqillik dövrünün ən böyük elektrik stansiyasıdır. Stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1500-ə yaxın konteyner mal-material daşınıb. Çinin “Dongfang” şirkətindən alınmış, ümumilikdə, 40 min kubmetr həcmində 20 min ton çəkisi olan 4 ədəd util qazan Çindən gətirilib. Sifariş əsasında İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən hazırlanan, ümumi çəkisi 3 min tondan çox olan qaz turbinləri və generatorlar, o cümlədən köməkçi avadanlıq ikinci logistika marşrutu ilə İtaliyadan Bakı limanına çatdırılıb. Hər birinin çəkisi 300 və 400 tondan artıq olan yüklərin qabariti böyük olduğundan Mingəçevirə qədər yolboyu körpülərin altı qazılıb və keçid təmin ediləndən sonra yollar bərpa olunub.
“8 Noyabr” Elektrik Stansiyası ixrac potensialını daha da artıracaq, bu da büdcə gəlirlərinə müsbət təsir göstərəcəkdir: “Stansiya Azərbaycanın enerji sektorunda yeni inkişaf səhifəsi açır. Buna təkcə texniki layihə kimi baxmaq düzgün deyildir. Siyasi iradə, iqtisadi-strateji baxış və ekoloji məsuliyyətin vəhdətini bu layihədə görmək mümkündür. Azərbaycan bu addımlarla regionda enerji təhlükəsizliyinin təminatçısı və qlobal çağırışlara cavab verə bilən müasir enerji dövləti kimi mövqeyini daha da gücləndirir”.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə qoyuluş gücləri müvafiq olaraq 240 MVt olan külək elektrik stansiyası və 230 MVt gücündə günəş elektrik stansiyasnın tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlanılıb. Şirkətlərlə bu istiqamətdə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Bu 470 meqavatlıq stansiyaların təxminən 500 mln ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikilməsi planlaşdırılır.
BP şirkəti ilə isə Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
Eyni zamanda, Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panellərinin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” layihəsi həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə Böyükşor gölü üzərində 100 kVt gücündə pilot üzən fotovoltaik sistemin quraşdırılması nəzərdə tutulur

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər