44 günlük Vətən müharibəsindən sonra güclü Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərimiz kimi, Ağdamı da dirçəltməyə başlayıb

44 günlük Vətən müharibəsindən sonra güclü Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərimiz kimi, Ağdamı da dirçəltməyə başlayıb Azərbaycanın Ağdam şəhəri 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olub. İşğal dövründə yerlə-yeksan olunmuş, daşı-daş üstündə qalmayan bu şəhərdəki xoşagəlməz mənzərə insanı dəhşətə gətirir.Ağdam şəhəri Azərbaycanın ən böyük yaşayış məntəqələrindən biri olub. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyilə Azərbaycanın qədim şəhəri olan Ağdamı və eyni adlı rayonu işğal etdilər. Nəticədə 120 mindən çox insan öz torpaqlarını tərk etməli oldu. Ağdam 27 il erməni işğalı altında qaldı... Bu müddətdə Ağdamda saysız-hesabsız dağıntılar törədildi. Şəhərdəki bütün tikililər, yaşayış evləri, dövlət binaları, xəstəxanalar, kitabxanalar, məktəblər, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar dağıdıldı.
Ağdamdakı Çörək Muzeyi, Atçılıq Zavodu kimi unikal müəssisələr talan edildi.
Ermənilər Ağdamda ekoloji terror törətdilər - təbiətin “ağ ciyəri” hesab edilən ağac və kol bitkiləri məhv edildi... Su mənbələri, bulaqlar quruduldu...Bir vaxtlar öz gözəlliyilə seçilən Ağdam canlı bir şəhər idi. İndi isə bu şəhərin gözəlliyindən əsər-əlamət qalmayıb.
Ağdamda törədilmiş vəhşilik, talançılıq, dağıntı və qarət xarici ekspertlərin,beynəlxalq jurnalistlərin də diqqətindən yayınmayıb. Hələ 2001-ci ildə Ağdama səfər edən məşhur britaniyalı jurnalist və təhlilçi Tomas de Vaal Ağdamı dağıdılmış məscidin minarəsindən ziyarət edərkən ağlına ilk olaraq Xirosima gəlmişdi. Jurnalist Ağdamı Yaponiyanın 1945-ci ildə atom bombası atılmış Xirosima şəhəri ilə müqayisə etmişdi. Tomas de Vaal Ağdamda qarşılaşdığı dağıntıları sonradan qələmə aldığı “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabında təsvir edərkən yazıb: “...gözlərim aşağıdakı kiçik Xirosimada idi. Əvvəllər Ağdamın 50 min əhalisi var idi, indi isə bu ərazidə heç bir nəfər də qalmayıb. 1993-cü ildə ermənilər bu şəhəri ələ keçirdikdən sonra küçələri və evləri bir-bir talayıb dağıdıblar. Dağıdılmış evləri qanqal və böyürtkən kolları basmışdı. Viranə qalmış şəhərə minarədən baxıb bir daha bu apokalipsisin səbəbləri haqqında düşündüm”.
44 günlük Vətən müharibəsindən sonra güclü Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərimiz kimi, Ağdamı da dirçəltməyə başlayıb. Ağdam işğaldan əvvəl
ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayanda zəbt olunan ərazilərdən qovulan insanlar Ağdama üz tuturdular. Qaçqınlıq taleyinin uzun çəkməyəcəyini düşünən soydaşlarımız buranı ümid yeri hesab edirdilər. Ağdamlılar da onlara canıyananlıqla qucaq açaraq rahatlıqlarının təmin olunması üçün hər şeyi etməyə çalışırdılar. 23 iyul 1993-cü il tarixində isə Ağdamın özü də süqut etdi və rayonun ərazisinin təxminən 70 faizi ermənilərin nəzarətinə keçdi.
Ötən əsrin əllinci illərindən başlayaraq aparılan arxeoloji qazıntılar Ağdamın Azərbaycanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu ərazidə özü üçün ağ daşdan imarət tikdirir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mayak rolunu oynayıb. Bu mənada “Ağdam” həm də “ağ ev”, “ağ şəhər” anlamına gəlir. Ağdam rayonu 1930-cu ildə yaradılıb.
Güclü və məsuliyyətli dövlət olan Azərbaycan Vətən müharibəsində işğaldan azad edilən digər ərazilər kimi, Ağdamı da ayağa qaldırmaq, dirçəltmək əzmindədir. Deyə bilərik ki, postmüharibə dövründə xarabalıqlar üzərində yeni bir Ağdam ucaldılır. Prezident İlham Əliyev 2020-ci il 20 noyabr tarixində xalqa etdiyi növbəti müraciətində Ağdam üçün yeni bir dövrün başladığının anonsunu verdi. Dövlət başçımız rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirərək vurğulayıb: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”. Yerli və xarici jurnalistlərin gördüyü Xirosimadan bir əlamət qalmayacaq.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
tərbiyə işləri üzrə direktor müavini Esmira Əliyeva

Oxşar xəbərlər