
O, bu qərarın Rusiya Prezidenti Vladimir Putinin ikiüzlü siyasətinə cavab olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” zenit-raket komplekslərinin və başqa “çox mürəkkəb” silahların veriləcəyini rəsmən açıqlayıb. Onun sözlərinə görə, bu tədarüklər kommersiya əsaslı olacaq və Ukrayna bütün silahlara görə tam ödəniş edəcək:
“Biz indiyədək təxminən 350 milyard dollar xərcləmişik, Avropa isə 100 milyard. Bu, böyük məbləğdir. Amma əslində, Avropa bizdən daha çox xərcləməlidir. İndi biz texnika göndərdikcə, onlar bizə bunun dəyərini ödəyəcəklər”.
Tramp konkret hansı silahların və hansı miqdarda göndəriləcəyinin hələ müəyyən edilmədiyini, amma artıq qərarın verildiyini söyləyib. O, bu addımın əsas səbəbini Rusiya Prezidenti Vladimir Putinin davranışlarında görür: “Putin insanlara xoş şeylər danışır, amma axşam düşəndə hər kəsi bombalayır”.
Amerika mediası yazır ki, sabah Tramp Ukraynaya hücum xarakterli silahların göndərilməsini rəsmən elan edəcək. Eyni zamanda Avropa İttifaqının da Rusiya üzərində yeni sanksiya dalğasını açıqlayacağı gözlənilir.