
Mahir Emreli "Nürnberg"dəki sonuncu oyununda het-triki ilə türkiyəli qardaşlarımız demişkən, matça damğasını vurdu: "Gəldi bir boran, getdi bir tufan". Açığı, Mahir hər nə qədər tənqidə tuş gəlsə də, son illər onun qədər Azərbaycan futbolu adına xarici ölkədə uğurlu çıxış edən başqa bir sima yoxdur. Həm də tirajlı futbolçudur - haqqında xəbər yazılırsa, oxunur, yayılır, maraq doğurur. Bir sözlə, Mahir Emreli diqqət mərkəzindədir.
Məlumatlar var ki, "Bundesliga"da - Almaniya çempionatında iştirak edən yeganə azərbaycanlı olacaq. Emrelinin adı "Sankt Pauli" ilə hallanır. "Keçəcək" deyirlər. Biz də "amin" deyirik. Daha yaxşısı olsun.
Mahirin 27 yaşı var, bəlkə də, karyerasının son illərini yaşayır. İyulda 28 olacaq. Yəni onun Azərbaycan futbolu adına yazdırdığı uğurlarının ömrünə də az qalıb. Vur-tut 2-3 il. Bu müddət ərzində Mahir Emreli məqsədli öz üzərində çalışarsa, adını birdəfəlik tarixə yazdıra bilər. Onsuz da klubdan-klub tez-tez keçid etməyə adətkar olan hücumçumuz yaxşı mənada ənənəsinə sadiq qala bilərsə, "Bundesliga"nın nəhənglərinin, yaxud başqa "əjdaha"ların da diqqətini çəkə bilər. Tezliklə onu TOP klublarda görə bilərik.
Əlimizdə beynəlxalq səviyyədə hələlik Mahir Emrelidən başqa heç nə yoxdur. Təəssüf... Nə edə bilərik. Ümidimiz ona qalıb. Dünənki qollarından sonra inamımız daha da artıb. Deməli, Mahir istəyərsə, özünü dünya miqyaslı hücumçu kimi tanıda bilər. Potensialı var, var imiş.
Çempionlar Liqasının finalında "İnter"lə PSJ qarşılaşacaq. Hər klubun heyətində bir qafqazlı futbolçu mövcuddur. Məşhur lətifələrə necə başlayırdılar? Erməni, gürcü vəəə... Yox, azərbaycanlı yoxdur. İndi bizim arzu, istəyimiz budur ki, azərbaycanlı o nüfuzlu turnirin finalında görünsün. Yaxın illər üçün ən real namizəd Mahir Emrelidir. Bu işlərin marketinqdən tutmuş daha nələrinə qədər - futbol adamları daha yaxşı bilər, əlimizdən gələni gərək əsirgəməyək. Mahir Emreli də nizam-intizamını qorusun. Qorusun ki, ümidlərimizi puç etməsin. İnamımızı sındırmasın. Çox şey öz əlindədir.