
Ajans.az xəbər verir ki, Özgür Özel Ekrem İmamoğlunun məhkəmə prosesi nəticəsində azadlığa buraxılmaması halında, CHP olaraq prezidentliyə Mansur Yavaş namizəd göstərəcəklərini deyib. O əlavə edib ki, seçkilərin qazanılması halında, Türkiyə sürətlə parlament idarəetmə sisteminə keçəcək və Ekrem İmamoğlu baş nazir olacaq.
"Əgər İmamoğlu bu prosesdə hələ də həbsdə olarsa, biz CHP olaraq dayanmayacağıq. Mən avtobusun üstündə olacağam, Mansur Yavaş başqa bir şəhərdə olacaq. Qrup sədr müavinlərimiz və millət vəkillərimiz isə fərqli şəhərlərdə fəaliyyət göstərəcək. Mübarizəyə davam edəcəyik".
Özel daha sonra bu fikirləri əlavə edib:
"Əgər Ekrem İmamoğlu həbsdə qalarsa, biz seçkiləri 70 faiz səslə qazanarıq. Hətta xalq, parlamentdə konstitusiyanı dəyişdirəcək çoxluğu da bizə verər. Bundan sonra sürətlə gücləndirilmiş parlament sisteminə keçid təmin edilər. Sonra isə qərəzsiz bir prezident seçilər. O prezident də xalqın ürəyində yer etmiş bir şəxs olar. Mansur Yavaş prezident olar, sistem parlamentə keçər və Ekrem İmamoğlu baş nazir kimi icra hakimiyyətinin başında yer alar".