Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır

Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasında dövlət səfərində olub.
Həmin gün İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Pakistanın Baş naziri çıxış edib və Prezident İlham Əliyevi Pakistanda salamlamaqdan böyük məmnunluq və şərəf hissi duyduğunu qeyd edib.
O çox məhsuldar təkbətək görüşdən və sonra geniş tərkibdə keçirilən görüşlərdən, həmçinin, müzakirələrin qarşılıqlı inam və etimad, ticarət, birgə investisiyalar, birgə əməkdaşlıq sahələrində, qarşılıqlı fayda verən sahələrdə daha yüksək nailiyyətlər qazanmalı olduğuna dair təcililik və sarsılmaz dəstək əsasında aparıldığından bəhs edib və bundan məmnunluğunu bildirib.
Sonra dövlətimizin başçısı bəyanatla çıxış edib.
Dəvətə görə bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslandığını qeyd edib.
Bəli, cənab prezidentin qeyd etdiyi kimi, bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik!
Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizin göstəricisidir- deyə prezident çıxışına davam edib.
Bəli, Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olub, bizi dəstəkləyib. Məhz buna görə biz Azərbaycanlılar həmişə pakistan xalqına qardaşlıq və dostluq hissi bəsləmişik.
Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir.
Daha sonra Prezident İlham Əliyev energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələrin artıq nəzərdən keçirildiyindən bəhs edib.
Beləliklə, Azərbaycan və Pakistan arasında güclü tərəfdaşlığımız nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq.
Bəli, Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bunlar bizim əməkdaşlığımız və bir-birimizə dəstəyimiz sayəsindədir və məhz qardaşlıq münasibətlərinin dərinliyinə görə bütün planlarımız icra olunacaq.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin laborantı Cahan Mahmudova


Oxşar xəbərlər