1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı

1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı XX əsr bütün dünyada olduğu kimi Azərbaycan üçün də siyasi hadisələr, müharibələr, təlatümlü illər, ictimai formasiyalar dəyişiklikləri kimi yadda qalmışdır. Lakin bu əsrin ikinci on illiyində 28 may 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda demokratik Cümhuriyyətin elan edilməsi müstəqil dövlətçiliyimizin ən parlaq və şanlı səhifəsi kimi tarixə düşmüşdür. Yarandığı ilk gündən Cümhuriyyət tərəfindən xalqımızın çoxəsrlik müstəqilliyi və milli dövlətçilik arzularını əks etdirən bir səhifəlik (preambula və 6 bəndən ibarət) “İstiqlal Bəyannaməsi” qəbul edilmişdir. Gənc Cümhuriyyət üçün bu hüquqi sənəd həm o dövr, həm də indiki dövr üçün Azərbaycanın ilk konstitusiya aktı sayıla biləcək qədər böyük tarixi əhəmiyyət kəsb etmişdir. Ulu öndər hakimiyyətə gəldiyi ilk gündən nizam-intizam tərəfdarı olmuş, qanunçuluğun möhkəmləndirilməsi və onun aliliyinin təmin edilməsi, xüsusən bu gün “korrupsiya” adlandırılan rüşvətxorluğa qarşı qəti mübarizə əzmində olmuş və cəmiyyəti bu kimi neqativ hallara qarşı səfərbər olmağa çağırmışdır.
Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə Azərbaycan SSRİ-nin tərkibində “müstəqil, suveren” respublika hesab edilirdi. Həmin dövrdə respublikamız İttifaq hakimiyyətinin tabeçiliyində olsa da, ulu öndər Heydər Əliyev zəkasının qüdrəti, dövlət idarəçiliyində təşkilatçılıq bacarığı, ölkənin iqtisadiyyatını tənəzzüldən qurtardı, geridə qalmış respublikanı qabaqcıllar sırasına çıxardı. Ölkədə qayda-qanun, ciddi nizam-intizam yaradıldı. Onun uzaqgörənliyi nəticəsində həmin dövrdə elə işlər görülürdü ki, onlar Azərbaycanın sonrakı iqtisadi-siyasi həyatının inkişafında təməl rolunu oynadı. Ulu öndərin təşkilatçılıq bacarığını, işgüzarlığını, təşəbbüskarlığını və partiya işçisi kimi yüksək şəxsi keyfiyyətlərini görən ittifaq rəhbərliyi onu Moskvaya dəvət edib, yüksək vəzifəyə - Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin etdi. Tərkibində olduğumuz 70 ildə ulu öndər Heydər Əliyev ittifaq hakimiyyətində yüksək vəzifə alan nəinki ilk azərbaycanlı, eləcə də ilk müsəlman idi. O dövrdə mən Azərbaycan KP Mərkəzi Komitəsinin inzibati orqanlar şöbəsində təlimatçı işləyirdim. Onunla keçirilən vida tədbirində mən də iştirak edirdim. Baxmayaraq ki, onun ittifaqda təmsil edilməsi xalqımıza başucalığı gətirən xoşxəbər idi, lakin zalda əyləşənlərin demək olar ki, əksəriyyəti ağlayırdı. Heç kim ondan ayrılmaq istəmirdi. O, özü də kövrəlmişdi. Çıxışında da bildirdi ki, bu vəzifədən o imtina etmiş və Azərbaycanda hələ çox işlərin görülməli olduğunu bildirmiş, lakin ona deyilmişdi ki, Siz artıq böyümüsünüz, Siz bizə burda lazımsınız! Ulu öndər Heydər Əliyev tərəfindən 2000-ci ildə imzalanan “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlər bu gün də öz aktuallığını itirməmiş və ölkəmizdə uğurla davam etdirilir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi bunun bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev tərəfindən 10 ildə bir əsrə bərabər iş görülmüşdür. Lakin qeyd olunmalıdır ki, O, ikinci dəfə hakimiyyətə gələndə dövlətin büdcəsi boş idi. Yoxsa daha böyük və qlobal işlər görülə bilərdi. Məhz bu səbəbdən ölkənin iqtisadi vəziyyətini dirçəltmək üçün O, bütün maneələrə baxmayaraq, 1994-cü ilin oktyabrında neft yataqlarının işlənməsi ilə bağlı xarici investorlarla “Əsrin müqaviləsi”ni imzaladı. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası təmin edildi. Nəhayət, ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə bu gün onun siyasi kursunu layiqincə davam etdirən, Azərbaycanı yüksəklərə qaldıran, respublikada qlobal beynəlxalq tədbirlərin keçirilməsinə rəvac verməklə ölkəmizi bütün dünyada tanıdan möhtərəm Prezidentimiz İlham Əliyev kimi bir siyasətçi oğul yetişdirib xalqa bəxş etməsidir. Həyat göstərdi ki, bütün məsələlərdə olduğu kimi, ulu öndərin 2003-cü ildə “Mən İlhama özüm qədər inanıram”...deməsi ilə də yanılmamışdı. Cənab İlham Əliyev bir Prezident kimi ona göstərilmiş etimadı doğruldaraq müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, dövlətin milli maraq və mənafeyini müdafiə edən bir siyasi lider kimi xalq qarşısında verdiyi vədə əməl edərək bu məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən inamla gəlmişdir. Ulu öndər Heydər Əliyev fəaliyyətinin üçüncü dövründə Azərbaycanda bütün sahələrdə gördüyü saya gəlməyən nəhəng işlərlə öz dövləti və xalqı qarşısında bir xilaskarlıq missiyası daşımışdır. O, Azərbaycanı, müstəqilliyimizi və varlığımızı xilas etmişdir. Ulu öndər Heydər Əliyev xalqımızın qürur və iftixar yeri, Azərbaycanın əbədi milli sərvəti, dünəni, bu günü və sabahıdır! Onun ideyaları və siyasəti əbədiyaşardır. Bu müstəsna fəaliyyətə ən yüksək dəyəri və qiyməti də, məncə, Ulu öndər Heydər Əliyev özü hələ sağlığında, “Azərbaycan var olduqca, mən də var olacam, Azərbaycan yaşadıqca, mən də yaşayacağam”, deməsi ilə vermişdir.


Balaxanı qəsəbəsi 259 sayılı tam orta məktəbin
ibtidai sinif müəllimi Rəna Xudayeva

Oxşar xəbərlər