Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər

Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
TÜRKPA-nın fəaliyyətdə olan sədri vurğulayıb ki, iclasda qəbul edilmiş Bakı Bəyannaməsi ölkələrimizi maraqlandıran məsələlərə dair ortaq mövqeyimizin, qardaş ölkə parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin təzahürüdür. Brifinqdə çıxış edən Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin təşkilinə və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürlərini bildirib, Azərbaycan tərəfinə sədrlik dövründə uğurlar arzulayıblar.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi: -İlk növbədə, xoş gəlmisiniz. Sizin hamınızı səmimiyyətlə salamlayıram. Əminəm ki, TÜRKPA-nın növbəti plenar iclası yaxşı nəticələr verəcək. Belə toplantılar bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olur, əminəm ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.
Mən bir daha qeyd etmək istəyirəm ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.
TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş TÜRKPA Şurasının 13-cü iclasını açıq elan edib, tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Milli Məclisinin sədri Sahibı Qafarovaya təşəkkürünü bildirib.
Çıxışçılar TÜRKPA-nın 13-cü Şura və plenar iclaslarında aparılacaq fikir mübadiləsinin, qəbul ediləcək qərarların təşkilatın gələcək fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamlarını ifadə ediblər. İclasda bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
Kimya-biologiya laborantı Günel Quliyeva

Oxşar xəbərlər