
Paşinyanın Parisə, Lekornunun İrəvana səfəri, ardınca erməni baş nazirin Afinaya gedişi, Nikos Dendiasın Ermənistana gəlişindən sonra Fransadan silahların gətirilməsində Paris-Afina-Tbilisi-İrəvan marşrutu aktuallaşıb. Paris-İrəvan və Bakı-Ankara Tbilisini yanına çəkməklə həm də bu marşrut üzərində mübarizə aparır.
- Fransanın Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməsində silah marşrutun Tbilisi dayanacağını təmin etmək məqsədi də var, yaxud gürcülərdən bunu da istəyəcəklər;
- Azərbaycan və Türkiyə regional əməkdaşlığı inkişaf etdirməklə Gürcüstanı bu marşrutda yer almaqdan imtinasına nail olmasını istəyir;
Nazirlərin də, Əliyevlə Kobaxidzenin də görüşündə regional sabitlik xüsusilə vurğulandı və mümkündür ki, hər iki müzakirədə Gürcüstana bölgənin sabitliyinin pozulmasında iştirak etməməsi mesajları çatdırılıb.
Bu prosesdə Tbilisi dilemma qarşısında qalır: bir tərəfdə Aİ-yə inteqrasiya, digər tərəfdə isə iqtisadi, enerji və təhlükəsizlik məsələsində real tərəfdaşlarla münasibətlər;
Bir də reallıqlar var: bir tərəfdə 2008-ci il təcrübəsi və Avropanın Tbilisiyə verdiyi vədlər, bir tərəfdə isə bu müddətdə Gürcüstanın iqtisadi və təhlükəsizliyinə ciddi töhfə verən Bakı-Ankara ikilisi;
Ukrayna müharibəsindən sonra Qərblə “yol getməyən” Qaribaşvilinin dəyişdirilməsi Tbilisinin Aİ-yə inteqrasiyada çox istəkli olduğunu göstərsə də, Bakıda verilən mesajlar Kobaxidze hökumətinin coğrafi reallıqları nəzərə alacağı gözləntisini yaradır.
Asif Nərimanlı