

Əminliklə demək olar ki, Anar Məmmədovun fəaliyyəti dövlət strukturlarında kadrların gəncləşdirilməsini nəzərdə tutan dövlət siyasətinin effektivliyini təsdiq edən bariz nümunələrdən biridir. Hər zaman xalqın yanında olmağa çalışan, seçicilərinin arzu və istəkləri barədə məlumatları yazılı müraciətlərdən deyil, bilavasitə vətəndaşların özlərindən almağa üstünlük verən Anar müəllimin gördüyü işlər həqiqətən də hər mənada təqdirə layiqdir. O cümlədən deputat Anar Məmmədovun mütəmadi olaraq iştirak etdiyi, təşəbbüskarı olduğu və bilavasitə təşkil etdiyi tədbirlər xalq-iqtidar birliyinin bariz təcəssümü olur və bu birliyin daha da möhkəmlənməsinə xidmət edir.

Məhz növbəti belə bir tədbir də bu gün Goranboy rayonunun Qaradağlı kəndində keçirilib. Anar Məmmədovun təşkil etdiyi bu tədbir Novruz bayramına həsr olunub. Bayram münasibətilə keçirilən şənlikdə 500 nəfərlik bayram süfrəsi açılıb. Bundan başqa, Novruz hədiyyəsi olaraq Anar müəllimin təşəbbüsü və bilavasitə maliyyə dəstəyi ilə 100 ailənin evlərinə texniki su çəkilib.

Tədbir iştirakçılarının çıxışlarında bu il müstəqilliyimizin tarixində ilk dəfə olaraq prezident seçkilərinin və Novruz bayramının ölkəmizin istisnasız bütün suveren ərazilərində keçirilməsinə dair fikirlər səsləndi, bununla bağlı Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban xanın Əliyevaya səmimi minnətdarlıqlar bildirildi. Həmçinin çıxış edənlər bu gün bütün ölkə ərazisində gedən irimiqyaslı quruculuq işlərini qeyd etdilər və həyata keçirilən dövlət siyasətinin birmənalı olaraq xalqın rifahına xidmət etdiyini vurğuladılar.





