
Növbədənkənar prezident seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə həkk oldu: “Biz 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirdik və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız öz yurdlarında seçici olaraq səsverməyə qatıldılar. Bununla da biz ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Həm də qalib, müzəffər xalq olaraq, alnı açıq, üzü ağ. Odur ki, bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq. Qeyd edim ki, seçki kampaniyası başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, yeddi namizədin hər birinə bərabər imkanlar yaradıldı. Beynəlxalq və yerli müşahidəçilərin apardıqları monitorinqlərin, keçirilən “exit-poll”arın nəticələri də seçkilərin obyektiv, demokratik keçirildiyini təsdiqlədi. Bu, Azərbaycanda dərin köklərə malik demokratiyanın təzahürüdür”.

Artıq xalqımızın və dövlətimizin həyatında yeni parlaq bir dövr başlayır: “Cənab İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. İlham Əliyev cənabları nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqına verdiyi bütün vədləri tam şəkildə və vaxtında yerinə yetirib. O, dövlətimizi ağır sınaqlardan, mürəkkəb proseslərdən üzüağ çıxarıb, dünyanı bürüyən və ağır fəsadlar törədən dərin böhranları ölkəmizə buraxmayıb. Vaxtı ilə haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü illəri hələ qarşıdadır”.