Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir

Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir
Hər bir toponim bizə keçmişdən xəbər verən tarixi sənəddir. Qədim mənbələri dəqiqliklə nəzərdən keçirmədən, tariximizi müəyyən səviyyədə bilmədən toponimlərimiz haqqında tam əminliklə söz demək olmur. Coğrafi adların tədqiqində toponimiyanın çox böyük əhəmiyyəti var. Belə ki bu adlarda tarixi keçmişimiz-dədələrimizin,babalarımızın ruhu yaşayır. Əslində toponimlər müqəddəs sayılmalı, dəyişdirilməməlidir. İşğalçı ermənilər işğal etdiyi torpaqlarımızda türk toponimlərini dəyişməklə, tariximizi baltalamaqla bizə mənəvi zərbə vurmuş, cinayət törətmişlər.
Kəlbəcər toponiminin mənşəyi və adının mənası ilə bağlı müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçıların elmi izahına görə toponimin ilkin forması Kevliçer olmuşdur. Qədim türk dillərində “çay üstündə qala”kimi adlandırırdılar. Belə ki Kevli “çayın üstü”,çer,çar isə “qala “ demək idi. Rayonun yerləşdiyi ərazidə qayalıqlar mövcuddur və bu qayalıqlarda Tərtər çayı boyunca süni mağaralar vardır. Buna görə də bəzi tədqiqatçılar toponimi Kevil, kəvl və qədim türk dillərindəki “çər”(qaya,yarğan) sözləri ilə əlaqələndirirdilər. Bu versiyaya əsasən rayonun adının mənşəyini kühüllü–mağaralı yarğan mənalarında da adlandırmaq olar.
Kəlbəcər rayonunun yaşlı insanlarının dediklərinə əsasən, Kəlbəcər-Kərbalayi Həcər adlı şəxslə bağlı idi. Belə ki, onun qəbrinin gümbəzi rayon qəbiristanlığının mərkəzində olub. Digər bir versiyaya görə isə Kəlbəcər “gəl, becər” sözündən götürülüb. Çünki rayonun ərazisi maldarlıq üçün çox əlverişlidir. Münbit torpaqları, geniş yaylaqları,meşələri sərin suları və s. olan strateji bir yerdir. Aran rayonlarından Qarabağdan və başqa yerlərdən yayda yaylanmaq üçün bu əraziyə gəlirdilər. Onlar payızda öz yerlərinə qayıdanda onlardan soruşurlarmış ki, gedib yayladığınız yerlər necədir? Onlar da cavab verirlərmiş ki, gəl, becər.
Kəlbəcərdəki oronomik toponimlərin hər biri türk mənşəlidir. Hətta qədim türk tayfalarının adı bu gün də bu toponimizlərdə yaşayır.
Lakin bütün bu tariximizi yox sayan qondarma separatçı rejim öz “xəritələrində” Kəlbəcərin və digər yurd yerlərimizin adlarını, toponimlərini dəyişmişdilər. Belə ki, Kəlbəcər rayonu Karvaçar adlandırılırdı. Artıq 3 ildir ki,torpaqlarımızın adları Ali Baş Komandanımız-İlham Əliyevin apardığı döyüş siyasətinə əsasən digər yurd yerlərimizin eləcə də Kəlbəcərin adı,ruhu özünə qayıdıb. Necə ki Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə,həm iqlimin gözəlliyinə görə ,həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə,ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları,sakinləri,bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”. Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəmir yumruğu və qəhrəman, igid oğullarımızın sayəsində bu gün ərazilərimizdən erməni işğalçıları təmizlənib. Bu gün işğaldan azad olunmuş rayonlarımızda yüksək quruculuq və abadlaşdırmaqla bağlı işlər gedir. Bütün bunlar necə də sevindiricidir.
Yuxarıdakıları ümumiləşdirərək belə qeyd etmək istərdim. Insan öz adını fərəhlə ömür boyu özü ilə daşıdığı kimi, valideynlərinin adı kimi doğulduğu torpaqlar da ,yaşadığı ərazi də onun ürəyində fərəh, sevinc hissi doğurmalıdır. Doğru deyirlər ki,geniş yolların kökü xırda cığırlardır. Doğulduğumuz yeri,yuvanı sevmədən, öyrənmədən Vətənimiz –Azərbaycanı sevə bilmərik.

Zabrat qəsəbəsi, 71 №-li tam orta məktəbin
Tərbiyə işləri üzrə direktor müavini Şəhla Seyidbalayeva

Oxşar xəbərlər