Yeni Azərbaycan Partiyasında ulu öndər Heydər Əliyev yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Yeni Azərbaycan Partiyasında ulu öndər Heydər Əliyev yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü tamam olur. Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ölkəmizin müstəqillik tarixində ən mühüm siyasi hadisədir. Ona görə ki, ulu öndər Heydər Əliyevin yaratdığı YAP dövlətin qazandığı bütün uğurların müəllifi olan hazırkı iqtidarın komandasını təşkil edən hakim partiya, siyasi mərkəzdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyəti ələ alan bir sıra partiyaların düzgün olmayan fəaliyyəti ölkədə ağır siyasi, iqtisadi və sosial böhran yaratmışdı. Bu partiyaların səhv idarəetmə metodları daxili situasiyanı gərginləşdirməklə yanaşı, respublikamızın müstəqil dövlət kimi gələcək perspektivlərinə kölgə salırdı.
1992-ci ilin böhranlı günlərində YAP-ın cəmiyyətin sosial sifarişi olaraq yaranması mövcud ictimai-siyasi şəraitdən irəli gəlirdi. Partiyanın təsis konfransı Azərbaycanın bütün regionlarından olan nümayəndələrin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Konfransda ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın Proqram və Nizamnaməsi qəbul edildi.
Süni formada yaradılan maneələr və təhdidlər YAP-ın ölkənin ən aparıcı siyasi partiyasına çevrilməsinin qarşısında dura bilmədi.
Xalqın xahişi və tələbi ilə 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələn YAP sədri Heydər Əliyevin həmin il oktyabrın 3-də ölkə Prezidenti seçilməsi ilə partiyanın həyatında dönüş nöqtəsi oldu.
Yeni Azərbaycan Partiyasında ulu öndər Heydər Əliyev yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümummilli lider Heydər Əliyev 2003-cü ilin oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevlə bərabər, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və YAP-ı göstərmişdir.
Cənab İlhah Əliyevin xalqa müraciətindən stat:
“İyirmi il əvvəl – 1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Tarixi hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, doğrudan da tarixi hadisə idi. Deyə bilərəm ki, gənc dövlətimiz üçün dönüş nöqtəsi idi. Çünki müstəqilliyimizin ilk ayları, ilk illəri hamımızın yaxşı xatirindədir. Çox ağır, faciəvi illər idi. O vaxtkı iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Eyni zamanda, biz müharibə şəraitində yaşayırdıq və cəbhədə hərbi uğursuzluqlar əlbəttə ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması əlbəttə ki, çox böyük faciə idi. Ancaq 1992-ci ilin ortalarında hakimiyyətə gəlmiş yeni iqtidar ölkəmizi daha da bərbad vəziyyətə qoymuşdu. O vaxtkı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəlmişlər.
Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır. Bu gün partiyamız Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. 1990-cı illərin əvvəllərində isə vəziyyət yenə də demək istəyirəm ki, çox ağır idi. Partiyamızın iqtidara gəlməsi zəruri və labüd idi. Ancaq biz onu da yaxşı xatırlayırıq ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır. Bizim partiyamız və onun üzvləri bütün dövrlərdə dövlətçiliyə sadiq olmuşdur
Ölkəmizdə çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq ”.
Azərbaycan xalqı öz Prezidentinin ətrafında daima qırılmaz bir zəcir olaraq birləşmişdir. YAP-ın sıraları getdikcə daha da artaraq daha da möhkəmlənir. Bu, dövlətimizin başçısı İlham Əliyevə və YAP-a Azərbaycan cəmiyyətində olan dərin inam və ehtiramdan irəli gəlir. YAP hər zaman ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.

Maştağa qəsəbəsi, 255 №-li məktəbin
əməkdaşı Xəyalə Məlikova

Oxşar xəbərlər