Müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı

Müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən  Yeni Azərbaycan Partiyası yarandı
Müstəqillik qazandıqdan sonra Azərbaycan xalqının əldə etdiyi hüquqlardan biri də sərbəst şəkildə birləşib partiya və təşkilat yaratmaqdır. Yaradılan partiyalar içərisində Yeni Azərbaycan Partiyası xüsusi yer tutur. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Ulu öndər, xalqın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi.
Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.
2003-cü ilin oktyabrında keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2021-ci il mart ayının 5-də VII Qurultayı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir. Yeni AzərbaycanPartiyasının VII qurultayı həm ölkəmiz, həm də Partiya üzvləri üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Bu da onunla əlaqədardır ki, YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirir və Azərbaycanın tərəqqisində mühüm rol oynayır.
VII qurultayda müzakirə edilən məsələlər istər ayrılıqda, istərsə də vəhdətdə partiyanın yeni bir mərhələdə olduğunun göstəricidir. Azərbaycanın geniş xalq kütlələri Yeni Azərbaycan Partiyasını, onun sədri İlham Əliyevi daim dəstəkləyir.

Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin tarix
müəllimi Asif Hüseynov

Oxşar xəbərlər