Azərbaycan Respublikasının əsas qayələrindən biri bu gəncliyin yetişdirilməsidir

Azərbaycan Respublikasının əsas qayələrindən biri bu gəncliyin yetişdirilməsidir
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bir dövlət kimi özünü təstiqin əsas amillərindən olan Konistitusiya qəbul edilə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf etmiş və 1921, 1937 və 1978-ci illərdə Konstitusiyalar qəbul edilmişdir. Müxtəlif illərdə qəbul edilən bu Konstitusiyalarda təbii ki, Rusiyanın qanun və maraqları öz əksini tapmışdır. Sözdə Konstitutsiyada bərabərlik aşılansada əməldə Sovet rejiminin diktələri rol oynamışdır.
1937-ci il Konstitusiyasından sonra milliyət olaraq türk sözünün Azərbaycanlı sözü ilə əvəz olunması Sovet höküməti tərəfindən heçdə təsadüfü atılmış bir addım olmamışdır. Bu yolla xalqımıza milli kimliyini unutdurmaq istəyən Rusiya buna heç vaxt nail ola bilməmişdir.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlandı və 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” düzəlişi edildi. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin böyük əməyinin nəticəsi olmuşdur.
1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ölkənin özünəməxsus Konstitusiyasının hazırlanması ən zəruri məsələlərdən biri idi. Prezident Heydər Əliyev bu barədə demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”; Məhz bu prinsiplər əsasında 1995-ci il noyabrın 12-də keçirilmiş referendumunda 86 faiz seçici iştirakı və onların da 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə olmasından sonra 1995-ci il noyabrın 27-də dövlətin əsas qanununu qüvvəyə minmişdir. 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-sini Konstitusiya Günü kimi qeyd edilməsi barədə qərar verilmişdir.
Hüquqlar, Azadlıqlar və Vəzifələrin öz əksini tapdığı Azərbaycan Konstitusiyası dünyanın ən mükəmməl təməl qanunlarından hesab olunur. Dövlətin əsas qanunu olan Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, vətəndaşlara azad və suveren mühitdə sərbəst yaşamağa imkan yaradan güvənc yeridir. Qanunlar hazırlanarkən hər şeydən öncə vətəndaş maraqları və hüquqları, cəmiyyətə hər kəsin bərabər olması prinsipi əsas götürülmüşdür.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasına əsasasən ölkəmiz demokratik, hüquqi, dünyəvi, unitar Respublikadır. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə olmaqla hakimiyyətin bölünməsi prinsipinə əsasən müəyyənləşdirilir.
2002, 2009, 2016-cı illərdə Konstitusiyaya əlavə dəyişikliklərlə bağlı referendumlar olmuş və bu referendumlarda xalq öz birgə rəyi ilə yeni maddələrin Konstitusiyaya əlavəsini təmin etmişdir. Bu gün Azərbaycanda suveren, demokratik və sərbəst həyat höküm sürür. Azərbaycan vətəndaşları Konstitusiyadakı hüquqlarını bilərək özünü müdafiə etməyi, azadlıqlarını bilərək istifadə etməyi və ən əsası vəzifələrini bilərək bu vəzifələrə uyğun vətəndaş kimi davranmağı özünə borc bilməlidir. Əgər hər kəs hüquqlarını, vəzifələrini və ya azadlıqlarını düzgün bilsə və düzgün istifadə etsə o zaman dövlət üçün hər şey asandlaşar. Bunun üçün savadlı, hüquq bilgələri çox olan gəncliyə ehtiyyacımız var. Azərbaycan Respublikasının əsas qayələrindən biri bu gəncliyin yetişdirilməsidir.

Balaxanı qəsəbəsi, 69 nömrəli məktəbin
tarix müəllimi Xəyalə Əsgərli

Oxşar xəbərlər