Müstəqil Azərbaycanın Konstitusiyası Ulu Öndərin misilsiz dövlətçilik missiyasıdır

Müstəqil Azərbaycanın Konstitusiyası Ulu Öndərin misilsiz dövlətçilik missiyasıdır
Ötən əsrin 90-cı illəri təlatümlü tariximizin ən böhranlı günlərində Ümummilli lider Heydər Əliyev yenidən ölkəmizin müstəqilliyi uğrunda aparılan azadlıq hərəkatının ilhamvericisinə, millətin ümid yerinə çevrildi. Məhz o, xalqı vətəndaş müharibəsi uçurumundan xilas edərək, müstəqil dövlət quruculuğu sahəsində demokratik islahatları inanılmaz səbrlə, əmin bir qalibiyyətlə həyata keçirməyə başladı. Və bu islahatlar zəncirində ölkənin Konstitusiyasının hazırlanması və qəbulu ən vacib halqalardan biri idi.
Ulu Öndər Əsas Qanunun hazırlanması ilə bağlı hüquqşünas və siyasətçilərlə məsləhətləşmələrdə öz tövsiyələrini belə ifadə etmişdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun,tarixi sənəd olsun. Hakimiyyət bölgüsü-ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti-bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
1995-ci ilin mayında dahi rəhbərin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Komissiya gərgin və məhsuldar işləyərək ərsəyə gətirdiyi layihəni oktyabr ayında ümumxalq müzakirəsi məqsədilə rəsmi qəzetlərdə çap etdirdi. Geniş və əhatəli müzairələrdən çıxarılan nəticələr də daxil edilməklə 12 noyabr 1995-ci ildə bütün ölkə üzrə o zaman üçün mövcud eloktrat üçərisində keçirilən referendumda seçici kütləsinin 86%-i iştirak etdi. İştirakçıların 91,9%-i Əsas Qanunun lehinə səs vermişdi. Elə həmin referendumla eyni anda ilk demokratik parlament seçkiləri keçirildi. 27 noyabr 1995-ci ildə Milli Məclisin təsdiqi ilə Ölkənin Əsas Qanun qüvvəyə mindi. Beləliklə mühüm tarixi hadisə baş verdi. Lakin demokratik islahatlar bununla məhdudlaşmadı. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi yolunda daha geniş və qətiyyətli addımlar atıldı. Sonda Heraklitin bir fikrini xatırlatmaq yerinə düşür: “Xalq qanunları öz qalası kimi, qoruyucu divarı kimi müdafiə etməlidir”. Mənə elə gəlir ki, hər bir azərbaycanlı Ulu Öndərin xatirəsini necə müqəddəs bilirsə, qanunlarımızı da o cür sadiqliklə qorumağa hazırdır.

Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
direktoru Təhmasib Məmiyev



Oxşar xəbərlər