Zaman-zaman ayrı-ayrı istiqlal fədailəri üçrəngli bayrağı hətta irticanın tüğyan elədiyi dövrlərdə dalğalandıra bilmişdilər

Zaman-zaman ayrı-ayrı istiqlal fədailəri üçrəngli bayrağı hətta irticanın tüğyan elədiyi dövrlərdə dalğalandıra bilmişdilər
Bəşər tarixinin ilk çağlarından bu yana insanlar fərqli qövmlərə malik olduqlarını nümayiş etdirmək üçün müəyyən simvollara, atributlara müraciət etmişlər. Konfidensial əlamətləri özündə ehtiva edən bu simvol və rəmzlər içərisində bayraqlar önəmli və hətta ən mühüm yer tutur.
Ta qədim zamandan hərbi koordinasiyaya dəstək məqsədi kimi düşünülmüş bayraqlar daha çox döyüş bölgələrində istifadə edilirdi. Uzaqmənzilli rabitə üçün daha sürətli hesab edilən bayraqlar vizual istifadə baxımından xeyli effektli idi. Əslində türk tarixinin dərin qatlarına ensək oğuz elində bir, iki və daha çox sayda tonqalla işarə vermək də bu vizual rabitənin o zaman üçün mükəmməl ifadəsi olmuşdu.
Bayraqlar bir etiket rolunu oynamaqdan daha çox dövlət bayrağı kimi o ərazidə yaşayan millətin və ya millətlərin tarixi keçmişini, milli mənəviyyatını, yaşam konsepsiyasını təcəssüm etdirməkdədir.
Bu baxımdan Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın həm geostrateji statusunu, həm də milli modulunu inikas etdirməkdədir.
Bayraq tariximiz qədim oğuz ənənələrindən qaynaqlanaraq, Baharlı və Bayandurlu dövlətlərinin, Səfəvilərin, Əfşarların, Qacarların dövlətçilik təcrübəsindən faydalanaraq,yeni dövrə gəlib çıxmışdır. Lakin sivil dünya müstəvisində demokratik bayraq statusunu tən əsrin əvvəllərində kəsb edə bilmişdir.
Milli ziyalımız, görkəmli türkoloq Əlibəy Hüseynzadə demokratik hərəkatın gedişində “türkləşmək, islamlaşmaq, müasirləşmək” kimi bildiyimiz məşhur şüarı irəli sürdü. Bu böyük alimin milli amal kimi təqdim etdiyi bu ifadələr sadəcə bir tezis kimi başa düşülməməlidir. Bu möhtəşəm triadanın arxasında milli istiqlal məfkurəsi,aydın sabaha gedən çətin və şərəfli yolun konturları dayanırdı.
Sonralar istiqlal aşiqlərimiz Azərbaycan Xalq Cümhuriyyətini yaradarkən qocaman ədibin bu möhtəşəm ideyaları əsasında çağdaş dövrdə milli dövlət bayrağını ucalda bildilər. Lakin əvvəlcə 24 iyun 1918-ci ildə yalnız birrəngli-qırmızı fonda üzərində ağ aypara və səkkizguşəli ulduz olan bayraq dövlət atributu olaraq qəbul olunmuşdu. Lakin elə həmin ilin 9 noyabrında çoxsaylı təkliflər və müzakirələri nəzərə alaraq, üçrəngli dövlət bayrağı qəbul edildi. Bayraqdakı üç rəng-yaşıl islamın, qırmızı (al) müasir azadlıq ideologiyasının, mavi isə türkçülüyün rəmzi idi. Bundan əvvəl qəbul edilmiş bayraqdakı aypara və səkkizguşəli ulduz isə olduğu kimi saxlanılmışdı.
Aprel işğalı kimi tanıdığımız hərbi təcavüz zamanı milli dövlət bayrağımız aşağı endi. Lakin xalqın dövlətçiliyini, sərvətini,torpağını əlindən ala bilsən də milli yaddaşını məhv edə bilməzsən.
Zaman-zaman ayrı-ayrı istiqlal fədailəri üçrəngli bayrağı hətta irticanın tüğyan elədiyi dövrlərdə dalğalandıra bilmişdilər. Əlbəttə, üçrəngli bayrağın milyonların gözü qarşısında yenidən dalğalandırılması hadisəsi isə 1988-ci ildə Bakıda Meydan hadisələri zamanı baş verdi. O zaman Azərbaycan SSR rəhbərliyinin dayaqlarını sarsıdan bu hadisə Avropa mətbuatında gündəm qazanmışdı.
Lakin bayraq tariximiz tamamilə yeni bir nəfəsi Naxçıvandakı o tarixi iclasda qazandı. 1990-cı ilin 17 noyabrında o zamankı Naxçıvan Muxtar Respublikasının sessiyasında AXC-nin üçrəngli bayrağı Naxçıvan MR-ın dövlət bayrağı kimi qəbul edildi. Təşəbbüs isə həmin sessiyaya sədrlik etmiş uzaqgörən siyasətçi Heydər Əliyevdən gəlmişdi. O, iclas nümayəndələri qarşısında çıxış edərkən bu tarixi zərurəti gerçəkləşdirməyi təklif etmiş, hər kəsi bu məsləkə inandıra müvəffəq olmuşdu.
Bunun ardınca 5 fevral 1991-ci ildə artıq Bakıda Azərbaycan Respublikası Ali Sovetinin sessiyası eyni məzmunlu qərarı bütün ölkə üçün təsdiqlədi.
Təəssüf ki, suveren hüquqlarımızın işğal edildiyi Qarabağda bir neçə onilliyə milli bayrağımız dalğalanmadı. Lakin Cənab Ali Baş Komandan İlham Əliyevin hünərvər taktiki addımları, uğurlu diplomatiyası və Azərbaycan ordusunun rəşadətli döyüş əməliyyatları sayəsində Bayrağımız yenə də Şuşada, Xankəndidə, bütün Qarabağda, suveren hüquqlarımızın tam bərpa olunduğu hər yerdə var və tarix durduqca olacaqdır.
Sonda Ulu Öndər Heydər Əliyevin söylədiyi sözlərlə fikrimi tamamlamaq istəyirəm: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə tox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir evdə olsun, hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov


Oxşar xəbərlər