İşğal altında olan torpaqlarımızın düşməndən təmizlənməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub

İşğal altında olan torpaqlarımızın düşməndən təmizlənməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub


Qarşıdan Zəfər günü gəlir. 8 noyabr. 30 ildən artıq təcavüzkar Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsindəki böyük Qələbənin ildönümü. 3 il əvvəl Azərbaycan xalqı, onun ordusu və Ali Baş Komandan İlham Əliyev tariximizə bu cür müqəddəs gün hədiyyə etdilər.
İşğal altında olan torpaqlarımızın düşməndən təmizlənməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Ordu quruculuğunu əsas hədəflərdən biri elan edən Prezident İlham Əliyevin dövlət siyasəti nəticəsində ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi.
Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur.
Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Münaqişə boyunca ölkəmiz bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.
Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
Böyük Zəfərdən sonra Ali Baş Komandan İlham Əliyev deyirdi: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir.
Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər.
Müharibə dövründə Ali Baş Komandan tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.
Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalanmışdır.
Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər;
Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir.
Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başladı.
15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz verdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
Azərbaycan öz tarixinin ən şərəfli səhifələrini yaşayır. Bu Qələbədə millətimizin, Silahlı Qüvvələrimizin və onun Komandanının rolu, əməyi danılmazdır. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq. Zəfərimizi əbədi olsun!


Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta
məktəbin direktoru Gültəkin Rüstəmova

Oxşar xəbərlər