Türk dövlətləri arasındakı əməkdaşlıq bütün sahələrdə günü-gündən inkişaf edir

Türk dövlətləri arasındakı əməkdaşlıq bütün sahələrdə günü-gündən  inkişaf edir
Son illərdə Türk dünyasında ciddi həmrəylik müşahidə olunur. Türk Dövlətləri Təşkilatının “Türk əsri” devizi altında 10-cu yubiley Zirvə Toplantısı bütün dünyanın diqqətini cəlb edib. Bu da səbəbsiz deyil. Səbəb də odur ki, bir qədər əvvəl Türk Şurası kimi tanınan bir təşkilat qısa zaman kəsiyində sadə dialoq platformasından iqtisadi-ticarət əməkdaşlığını genişləndirən dövlətlərin dinamik birliyinə çevrilib və əlbəttə ki, belə bir institusional transformasiya diqqəti cəlb etməyə bilməzdi, çünki türk dünyasının birliyini daha da möhkəmləndirən alternativ güc artıq göz önündədir.
"Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir".
Bu sözləri Prezident İlham Əliyevin cari ilin 3 noyabr tarixində Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı diqqətə çatdırıb ki, etnik və mədəni köklərimiz, dilimiz və ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir.
"Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq". Dövlət başçısı öz çıxışında qeyd edib ki: “Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir”.
Ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinin başlandığını vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub. “2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Son illərdə Türk dünyasında ciddi həmrəylik müşahidə olunur. Türk dövlətləri arasındakı əməkdaşlıq bütün sahələrdə günü-gündən inkişaf edir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin də prioritet məsələlərindən birini təşkil edir. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.
Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir. Bu ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələnin dağıdıcı nəticələrinin aradan qaldırılmasında qardaş ölkəyə dəstək olan Azərbaycan türk birliyinin sarsılmazlığını göstərdi.
Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, hərbi, ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu dəhlizin bərpasına mane olanların cəhdlərinin əsassız olduğunu təsdiqləyir.
Türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi hər zaman Azərbaycanın xarici siyasi prioritetləri sırasında önəmli yer tutub. Xüsusilə də, Türk dünyasının Azərbaycanın haqq mübarizəsində qətiyyətli mövqe nümayiş etdirərək ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində atılan addımları dəstəkləməsini qeyd etmək lazımdır.
Bu, 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz tarixi zəfərimizin müstəsna təsiri ilə daha aktiv xarakter alaraq strateji tərəfdaşlığa çevrilməkdədir.
Eyni zamanda, ikitərəfli və çoxtərəfli əməkdaşlığın əsasının qoyulmasına mütləq təsir edən ortaq etnik, tarixi və mədəni köklər bu gün də əlaqələrin möhkəmlənməsində başlıca təsiredici faktor olaraq dəyərləndirilməlidir.
Son zamanlarda kifayət qədər intensiv xarakter alan qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər qarşılıqlı etimadın möhkəmləndirildiyini, habelə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün ortaq yol xəritəsinin müəyyənləşdirildiyini aydın şəkildə ifadə edir. Türk Dövlətləri Təşkilatının təşkilati strukturunun möhkəmləndirilməsilə ümumi maraqların müdafiəsi naminə ortaq Türk platformasının formalaşdırılması da atılmış mühüm addımdır.
Bu addımın atılmasının əsas təşəbbüskarları sırasında da Azərbaycanın müstəsna rolu var. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Türk platformasının gücləndirilməsi üçün davamlı addımların atılmasının və əməkdaşlığın inkişaf etdirilməsinin başlıca xarici siyasi hədəflərimiz sırasında olduğunu əminliklə ifadə edə bilərik.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva

Oxşar xəbərlər