
Bəs iyulun birindən sonra hələ də karantin rejimi uzadıla bilərmi və ən əsası da sərhədlər açıla bilərmi?
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Əli Məsimli bildirib ki, COVID-19 pandemiyası səbəbli Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq ölkənin quru sərhədləri 2020-ci ilin martından bəri qapalıdır.
“Hava yolları vasitəsilə Azərbaycana gediş-gəliş olsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarına əsasən COVID-19 pandemiyasına rəsmən son verilib. Azərbaycanda isə xüsusi karantin rejiminin müddəti iyulun 1-ə kimi uzadılıb. Azərbaycanda quru sərhədlərinin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil. Bu məsələnin əsas məqamı daha çox təhlükəsizlik amili ilə əsaslandırılır”, - deputat qeyd edib.
Onun sözlərinə görə, insanlar düşünür ki, pandemiya təhlükəsi ortadan qalxıbsa, artıq sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur və buna lüzum yoxdur: “Yəqin ki, hökumətin aidiyyəti qurumları bu yöndə araşdırma aparıb iyulun 1-nə kimi açıqlama vercəklər. Fikrimcə, sərhədləri ən azından, uzun fasilələr qoymamaqla mərhələli şəkildə bir-bir açmaq lazımdır. Çünki sərhədin bağlı qalmasına ciddi səbəb görünmür, amma iqtisadiyyatımız, turizm və əhali bundan ziyan çəkir”, - deputat qeyd edib.