Ölkə tarixinin şanlı salnaməsi olan 44 günlük müharibədən sonra da bu partiya öz təşəbbüskarlığı ilə daim seçilmişdir

Ölkə tarixinin şanlı salnaməsi olan 44 günlük müharibədən sonra da bu partiya öz təşəbbüskarlığı ilə daim seçilmişdir
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi fəaliyyəti, prioritet istiqaməti və xalqın taleyüklü problemlərini öz üzərinə götürməsi ilə daim seçilir. Heç şübhəsiz, bu partiya ölkənin bütün regionlarını əhatə etməklə, Cənubi Qafqazda ən böyük nüfuza malik olan siyasi partiyadır. Elə bunun nəticəsidir ki, bəhs edilən partiyanın sıralarına qoşulanların sayı ildən-ilə artmaqdadır.
Bu gün Ulu Öndərin bizə miras qoyub getdiyi bu irsi onun varisi, Respublika Prezidenti uğurla davam etdirməkdədir. Məhz onun sədrliyi dövründə sözügedən partiyanın təşəbbüsü ilə atılan ictimai və siyasi addımlar saysız-hesabsızdır.
Ölkədə bir çox sahələrdə genişmiqyaslı islahatlar həyata keçirilir. İstər sosial, istər siyasi sahədə əldə edilən nailiyyətlər bu islahatların uğurlu nəticəsidir. YAP-ın fəaliyyət istiqamətinin mərkəzində də məhz bu islahatlar dayanır.
Partiyanın 2021-ci ilin 5 mart tarixində keçirilən VII qurultayında əsas məqsəd daxili və xarici fəaliyyətdə zəruri islahatlar həyata keçirmək idi.
Qurultay zamanı ölkədə fəaliyyət göstərən digər partiyaların da Yeni Azərbaycan Partiyasına qoşulması istiqamətində həlledici irəliləyişlər baş verdi. Sözsüz ki, bu addım ölkənin siyasi həyatında böyük uğura səbəb olacaqdır və bugünkü dövrdə də öz rüşeymlərini göstərməkdədir.
Qurultay nəticəsində partiyanın daxilində də bir çox islahatlar həyata keçirilmiş, yeni fəaliyyət planları qəbul edilmiş, partiya nümayəndələrinin bir çoxu yeni vəzifələrə təyin olunmuş, eləcə də müxtəlif fəaliyyətlərə yönələn yeni ştatlar yaradılmışdır.
Qurultaydan sonra partiyanın ən böyük uğurlarından biri isə üzvlərinin sayında ciddi artımın olmasıdır. Belə ki, 29872 yeni üzv qəbul edilmişdir və onların böyük əksəriyyəti ali təhsillidir.
YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası tərəfindən gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli şüurun formalaşması, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bir çox işlər görülmüşdür. Sözügedən təşkilatlar tərəfindən qısa müddətdə 147 tədbir həyata keçirilmişdir.
YAP qardaş ölkə Türkiyə ilə də əlaqələrin möhkəmləndirilməsində mühüm addımlar atmışdır. Belə ki, Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə uzunmüddətli dostluq və əməkdaşlıq əlaqəsi bu iki ölkənin qırılmaz mənəvi bağlarını daha da qüvvətləndirmişdir.
Bunu da qeyd etmək lazımdır ki, qardaş ölkədə baş verən təbii fəlakətdən zərər çəkmiş vətəndaşlara partiyanın təşkilatçılığı ilə humanitar yardım yollanılmışdır. Zəlzələ nəticəsində zərər görmüş insanlar üçün isti geyimlər, ayaqqabı, yataq ləvazimatları, eləcə də elektrik qızdırıcıları göndərilmişdir.
Ölkə tarixinin şanlı salnaməsi olan 44 günlük müharibədən sonra da bu partiya öz təşəbbüskarlığı ilə daim seçilmişdir. Partiyanın təşkilatçılığı ilə Zəfər günləri təntənə ilə qeyd edilmiş, müharibənin ildönümləri və anım günləri ilə bağlı dəyirmi masa və konfranslar keçirilmişdir. Eləcə də minlərlə şəhid və qazi ailələri ilə görüşlər təşkil edilmiş, onların sosial problemlərinin həllində təşəbbüskar qismində çıxış edilmişdir.
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası təsis edildiyi gündən bu günə qədər ölkə tarixində təkrarolunmaz fəaliyyətlərə imza atmışdır. Görülən fəaliyyətlərə nəzər saldıqda bir daha əmin oluruq ki, haqqında bəhs edilən bu siyasi gücün əsas prioritet istiqaməti regionda Azərbaycanın nüfuzunu daha da möhkəmləndirməkdir. Əlbəttə, bunun üçün ən zəruri addımlar atılmışdır və atılmaqda da davam edir.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Azərbaycan dili müəllimi Səkinə Əliyeva


Oxşar xəbərlər