Bu gün hər anlamda Azərbaycan heç kimdən asılı deyil

Bu gün hər anlamda Azərbaycan heç kimdən asılı deyil
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib. Prezident İlham Əliyev qurultay zamanı bir sıra məsələlərə toxunub. Yeni Azərbaycan Partiyasının tarixi, məqsədi, həyata keçirdiyi uğurlu işlər, bu partiyanın yaranma yollarında Heydər Əliyevin xüsusi rolu bu qurultayda danışılmışdır. Bildiyimiz kimi YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən mərkəzyönümlü siyasi partiyadır . Bu partiya hər zaman ölkəmizin inkişafında xüsusi rol almışdır. Hazırda YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bu partiya Heydər Əliyevin ətrafında yaradılmışdır. Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən hər zaman yüksək qiymətləndirilib və dəstəklənib. Milli maraqlar və müstəqillik uğrunda mübarizə Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin əsas məqsədi olmuşdur. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın böyük dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Bundan sonra daima inkişaf edən ölkəmizin uğurlu enerji, nəqliyyat siyasəti enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı. Yerinə yetirilən layihələr Avrasiya bölgəsində yeni əməkdaşlıq yollarını yaratdı. Layihələr ətrafında birləşən ölkələrin sayı hazırda belə artmaqdadır. İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin gücləndirilməsi baxımından əsas şərtdir.
Bu gün hər anlamda Azərbaycan heç kimdən asılı deyil. İqtisadi sahədə ən qabaqcıl yerlərdə olan Azərbaycan istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından bir xeyli öndədir. Həmçinin ölkəmizə gələn investisiyalar hər il dayanmadan artır. Bütün bunlar ölkəmizin inkişafı və gücünün sayəsindədir. Ölkəmizin gücü ikinci Qarabağ müharibəsində yenidən göz önünə qoyulmuşdu. Bu tarixi hadisə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və işğalçıları əzəli torpaqlarımızdan qovdu. Bütün bu hadisələrin mərkəzində hər daim güclənən inkişaf edən Azərbaycan durur. Yeni Azərbaycan Partiyasının əsas məqsədi də bu ölkənin inkişafını daimi etməkdir. Qurultayda həmçinin yeni təyinatlar haqqında danışılmışdır.
YAP sıx və geniş beynəlxalq əlaqələrə malik olan bir partiyadır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. 2022-ci ilin 22 noyabr tarixində Bakı şəhərində “Sülh və təhlükəsizlik, siyasi partiyaların rolu” mövzusunda İCAPP ilə birgə beynəlxalq konfrans keçirilmişdir.
Qurultayda YAP-ın fəaliyyətində yardımlardan da danışılıb. Qardaş Türkiyədə baş verən zəlzələ zamanı YAP öz dəstəyini yüksək səviyyədə göstərmişdir. Bununla da açıq şəkildə görünür ki, YAP təkcə siyasi, maddi anlamda deyil, həmçinin mənəvi anlamda insanlara dəstəkdir .

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Texnologiya fənn müəllimi Aida Hüseynova

Oxşar xəbərlər