İkinci Qarabağ müharibəsi və onun nəticələri

İkinci Qarabağ müharibəsi və onun nəticələri Sovet İttifaqının dağılması zamanı, Ermənistanın Azərbaycan torpaqlarını ələ keçirmək planlarının başında süni problem kimi irəli sürülən “Qarabağ” məsələsi dayanırdı. Ermənistan bu planını həyata keçirmək üçün Qarabağı ilhaq etməyə çalışarkən, bir müddət sonra siyasi taktiki dəyişiklik edərək “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu” müdafiə etməyə başladı. Beləliklə, getdikcə daha da dərinləşərək qanlı münaqişəyə çevrilən bu prosesin sonunda Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olundu. 1994-cü ildə Bişkekdə imzalanmış atəşkəs sazişi çərçivəsində münaqişələr dayandırılsa da, problemin həllində heç bir uğur əldə olunmadı.
Azərbaycanın öz torpaqlarını geri qaytarmaq uğrunda atdığı addımların uzun illər danışıqlar prosesində uğursuzluğa düçar olması, erməni qüvvələrinin sonsuz təqibləri, artan hücumları və İrəvan administrasiyasının təxribat xarakterli bəyanatları Azərbaycan dövlətinə və xlqına böyük mənəvi və maddi zərərlər vurmağa davam edirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycan respublikasının ərazi bütövlüyünə xərər gətirmək üçün planlaşdırılan hücumlarından sonra Azərbaycan ordusunun əks hücuma keçməsi “Qarabağ” problemi üçün həlledici hadisə oldu. Baxmayaraq ki, Azərbaycan prezidenti bütün platformalarda problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan etsə də, nəticə əldə olunmasa, onların torpaqları müharibə yolu ilə geri almaq hüququna malik olduqlarını həmişə bəyan edib. Danışıqlar heç bir nəticə vermədiyi üçün Azərbaycan beynəlxalq hüquqdan irəli gələn hüququndan istifadə etmək qərarına gəlmişdir. İkinci Qarabağ müharibəsi adlanan müharibə nəticəsində Ermənistan böyük itkilər verərək məğlubiyyəti qəbul etdi və Azərbaycan torpaqlarından geri çəkildi.
Ermənistan təxribat xarakterli bəyanatlarla yanaşı, təmas xəttində Azərbaycana qarşı hücumlarını davam etdirərək 2020-ci il iyulun 12-dən Tovuz rayonu yaxınlığındakı bəzi strateji mövqeləri ələ keçirmək üçün hücuma keçməyə başlamağına baxmayaraq, Azərbaycan ordusu Ermənistan ordusunun bu hücumunu dəf etdi və sərhəd xəttində günlərlə davam edən gərgin qarşıdurma zamanı general-mayor Polat Həşimov şəhidlik zirvəsinə ucaldı. General-mayor Həşimovun şəhid olması xəbərini alan Azərbaycan xalqı meydanları dolduraraq Ermənistanın hücumlarına etirazını bildirməyə başladı. Xalqın bu reaksiyası Azərbaycan dövlətinin işğal altında olan torpaqların azad etməsi üçün təşviqedici qüvvəyə çevrildi.
2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan ordusu cəbhə xətti boyu geniş-miqyaslı təxribatlar törədərək, Azərbaycan ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini iriçaplı silahlardan, artilleriya və minaatanlardan atəşə tutmuşdur. Ermənistanın intensiv bombardmanları nəticəsində mülki və hərbi itkilər baş vermiş, bəzi ərazilərdə infrastruktura ciddi ziyan dəymişdir. Bundan sonra Prezident Əliyevin göstərişi ilə Azərbaycan ordusu bütün cəbhə boyu əks hücuma keçməyə başlamlşdır. Əməliyyatın ilk günündə Azərbaycan 6 kəndi və bəzi strateji yüksəklikləri işğaldan azad etmişdir.
Azərbaycan xalqını sevindirən bu xəbər 44 gün ərzində təkrarlandı. Prezident Əliyev növbəti günlərdə ya şəxsən sosial şəbəkələrdə, ya da ictimaiyyətə müraciət edərək işğaldan azad edilən ərazilərlə bağlı xoş xəbəri xalqa açıqladı. Azərbaycanlıların “Vətən döyüşü” adlandırdıqları 2-ci Qarabağ müharibəsi 44 gün davam etdi və 2020-ci il noyabrın 10-da Ermənistanın öz məğlubiyyətini etiraf edən bəyannaməni imzalaması ilə başa çatıb.
Azərbaycan ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etmiş və Ermənistan ordusu imzalanmış bəyannaməyə əsasən Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk etməli olmuşdur.
İkinci Qarabağ müharibəsi öz təsirləri və nəticələri ilə diqqət çəkir. Azərbaycanın qələbəsi türk cümhuriyyətlərinə fərqli baxış gətirdi. Əməkdaşlıqlarını gücləndirən türk cümhuriyyətləri Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atmağa başladı. Lakin türk cümhuriyyətləri arasında əməkdaşlığa töhfə verən hadisələr rəqib güclərin diqqətindən yayınmadı. Bu kontekstdə 2022-ci ilin əvvəlində Qazaxıstanda baş verən hadisələr türk dövlətləri arasında əməkdaşlığa önləyici təsiri baxımından diqqət çəkir. Bu inkişafı İkinci Qarabağ Müharibəsi nəticəsində qazanılan qələbənin təsiri ilə türk dünyasında yaşanan müsbət transformasiyalara mənfi reaksiya kimi də şərh etmək olar.

Müəllif: Balayeva Gülarə
Iş yeri: Mirzə Ələkbər Sabir adına 259 saylı tam orta məktəb
Vəzifə: İbtidai sinif müəllimi

Oxşar xəbərlər