Ermənilərin basdırdıqları minalar terror aktıdır

Ermənilərin basdırdıqları minalar terror aktıdır Mənfur düşmənlərimiz 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrimizə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərimizdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. Minatəmizlənmə əməliyyatlarına əsasən, infrastrukturun bərpasına xidmət edən ərazilərdən başlanılıb. Yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri, yollar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir.
Azərbaycan tərəfindən dəfələrlə beynəlxalq təşkilatların toplantılarında Ermənistanın “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozduğu vurğulanıb. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəalarına da işğalçı ölkə tərəfindən əhəmiyyət verilməməsi diqqətə çatdırılıb. Adı çəkilən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Təəssüf ki, Ermənistan bütün sahələrdə olduğu kimi, bu məsələdə də laqeydlik göstərir.
Ermənistan Azərbaycanın Qarabağda bərpa-quruculuq prosesinə mane olmaq üçün istənilən çirkin vasitəyə əl atır. Mənfur düşmənlərimizin məqsədi postmünaqişə dövründə daha çox azərbaycanlının ölümünə bais olmaq, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını əngəlləməkdir. Lakin, Ermənistan öz çirkin niyyətlərinə nail ola bilməyəcək. Azərbaycan bu əraziləri yenidən bərpa edəcək və xalqımız bu torpaqlarda əbədi yaşayacaq.
Zülfüqar Cəfərov – YAP Sabunçu rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər