Azərbaycanın enerji siyasəti Avropa və Avrasiya məkanı üçün alternativsizdir

Azərbaycanın enerji siyasəti Avropa və Avrasiya məkanı üçün alternativsizdir Sürətlə qloballaşan dünyada ikinci bir mühüm proses elə eyni sürətlə davam edən qütbləşmədir. Tərəfdar ölkələrin sayını artırmaqla öz mövqelərini qorumağa çalışan böyük mərkəzlər yeni formalaşan münasibətlər sferasında kənarda qalmaq istəmirlər. Düzgün siyasət, iqtisadiyyatın şaxələnməsi, hərbi qüdrət kimi amillər isə bütün bu prosesdə həlledici imkanlara sahibdir. Hazırda bütün dünya dövlətləri mövcud böhranlardan çıxış yolları axtarır. Böhranlar isə zəncirvari qaydada artmaqla bir-birini dərinləşdirir. Enerji, qida və xammal çatışmazlığı kimi məsələlər qeyd etdiyim böhranlar silsiləsində öndə dayanır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft strategiyası Avropanın enerji təchizatında hərəkət istiqamətini kökündən dəyişib. Bakı-Tbilisi-Ceyhan və TANAP xətlərinin istifadəyə verilməsi ilə Avropaya xam neft və mavi qaz ixracatı yaşıl qitənin cənub səmtindən daxil olmağa başlayıb. Adı çəkilən hər iki xəttin ötürücülük gücü Avropanın tələbatını tam ödəməsə də, Avrasiyadakı mövcud vəziyyət bu istiqamətin alternativsizliyini ortaya qoyub ki, mövzumuzun bəhsi məhz bu barədədir.
Ulu Öndərimizin müəyyən etdiyi bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın enerji siyasətini şaxələndirmiş və yeni-yeni siyasi-iqtisadi avantajlar qazandırmışdır. Mübahisəsiz olaraq ifadə etmək istəyirik ki, hazırda Avrasiya və Afrikada təchizatda sürətlə dərinləşən böhran hədlərinin qarşısının alınması Anadolu və Qafqaz bölgəsində sabitliyin qorunması və uzunmüddətli sülh təminatına bağlıdır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantı rolunda çıxış edir. Bu sahədə ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Ölkəmizdə bərpaolunan enerjinin istehsalı sahəsində olan böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Belə ki, külək və günəş enerjisindən istifadə edilməsi üçün sərmayə qoyuluşu prosesinə başlanıb.Təkcə Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizinin də külək enerjisi üzrə yüksək potensialını nəzərə alsaq yaxın gələcəkdə Azərbaycanda çoxlu sayda bərpaolunan enerji mənbələrinin yaradılacağını əminliklə demək olar. Həmçinin Xəzər dənizində gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır.
Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu beynəlxalq təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.
Natiq Musayev, Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri

Oxşar xəbərlər