Xalqın ümid yeri-Heydər Əliyev

Xalqın ümid yeri-Heydər Əliyev Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini və tarixi fəaliyyətini anlamaq üçün Ümummilli liderin siyasi fəaliyyətinin Naxçıvan dövrünə nəzər yetirmək məqsədəuyğundur. 1991-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə mövcud durum daha da kəskinləşdi. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərmişdir. Naxçıvanda hakimiyyət böhranının dərinləşməsi demək olar ki, son həddə çatmışdı. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sözün əsl mənasında elan olunmamış fövqəladə şərait yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının çağırılması ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb vəziyyətin tələblərindən irəli gəlirdi. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin seçilməsini tələb edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, MR Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da O, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdi. Lakin xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verdi.
Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ümummilli lider həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Bu gün müstəqilliyin yolları ilə inamla addımlayan Azərbaycanda böyük öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlara imza atır.

Vəfa Əliyeva, 22 saylı uşaq poliklinikasının baş həkimi

Oxşar xəbərlər