3 sentyabr 1991-ci il – müstəqil Azərbaycanın qurtuluş tarixinin başlandığı gün

3 sentyabr 1991-ci il – müstəqil Azərbaycanın qurtuluş tarixinin başlandığı gün Belə bir fikir var ki, böyük şəxsiyyətlərin dünyaya gəlişi sakit, idarəçiliyə gəlişi mərhələli, idarəçilikdən gedişi xarizmatik, siyasi hakimiyyətə yenidən qayıdışı isə möhtəşəm olur. Bu möhtəşəm qayıdış heç də həmişə yox, yalnız tarixin gedişatının dəyişdiyi məqamlarda baş verir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə nəzər saldığımız zaman biz bu mərhələləri açıq-aydın görürük. Ümummilli Liderin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi. Dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovet İttifaqının rəhbərlərindən biri olmuş, uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisəsi, xalqımızın itməkdə olan ümidlərinin dirçəlməsi və gələcəyə inamının artması baxımından möhtəşəm dönüş idi.
Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti nəinki muxtar respublikada, bütövlükdə Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan inamı artırmışdı. Azərbaycanın digər regionlarında yaşayan insanlar xalqımızın böyük oğluna teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz Onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Beləliklə, Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı getdikcə zərurətə çevrilirdi. Xalq qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yeganə yolu dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışındadır. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi möhtərəm Heydər Əliyevə üz tutdu. Ulu Öndər 1993-cü il iyunun 15-də ölkəmizdə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi.
Bu gün əminliklə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin tarixin çətin məqamlarında böyük xilaskarlıq missiyasını həyata keçirərək qoruyub saxladığı və gələcək inkişaf proqramını müəyyən etdiyi Naxçıvan Muxtar Respublikası Onun arzusunda olduğu inkişafa və tərəqqiyə qovuşub. Bütün bunlar isə Ulu Öndərimizin dövlətçilik yolunun Naxçıvanda davam etdirilməsinin nəticəsidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin istər Ali Məclisin Sədri olduğu, istərsə də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi illər ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrü kimi yadda qalıb.
Elmar Allahverdiyev-Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru

Oxşar xəbərlər