Silahlı Qüvvələri güclü olan ölkə onu gözləyən bütün təhdidlərdən sığortalanmış olur

Silahlı Qüvvələri güclü olan ölkə onu gözləyən bütün təhdidlərdən sığortalanmış olur Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etdi. 44 günlük müharibədən sonra ölkə başıçısı artıq neçənci dəfədir ölkəmiz üçün önəmli tarixlərdə azad edilmiş yerlərə səfər edir, görülən işlərlə tanış olur. Səfərlər çərçivəsində yeni hərbi hissələr də açılır. 26 iyun səfəri bu baxımdan əhəmiyyətli oldu.
Belə ki, Prezident Kəlbəcərdə 44 günlük müharibədən sonra yeni yaradılmış və artıq növbəti - ikinci komando hərbi hissəsinin açılışında iştirak edib. Ordu quruculuğuna diqqət müharibədən sonra daha da artıb. Çünki Silahlı Qüvvələri güclü olan ölkə onu gözləyən bütün təhdidlərdən sığortalanmış olur. Ordusu daim tərəqqidə olan ölkə ilə güc dilində danışmaq, onu nəyəsə məcbur etmək mümkün deyil.
Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etməklə alnıaçıq və ZƏFƏR çalmış bir ölkənin vətəndaşı kimi qürurludur. Bu ölkənin vətəndaşları artıq ikinci ildir ki, 26 iyun - Silalı Qüvvələr gününü böyük fəxrlə qeyd edirlər. Silalı Qüvvələrimiz sərhədlərimizin keşiyini gecə-gündüz qoruyur. Xalqımız belə orduyla fəxr edir. Çünki ən böyük arzu olan torpaqlarımız azad edilməklə insanlarımız sevincə qərq olub.
İndiki dünyada ədalətsizlik hökm sürür. Haqsız olan məsələni güc yolu ilə həll edir. Haqlı olduğun halda heç nə edə bilmirsən. Çünki zəifsən. Ona görə hər bir dövlətin qarşısında duran ən birinci vəzifə ordunu gücləndirməkdir. Azərbaycan hazırda bu işlə məşğuldur. Beynəlxalq normalar ikili standartlar formasında işlədiyi üçün Azərbaycan haqlı olduğu halda torpaqlarını sülh yolu ilə azad edə bilmirdi. 30 ilə yaxın dözdük və axırda anladıq ki, bu məsələ güc yolu ilə həll edilməsə torpaqlar tamamilə əldən çıxa bilər. Ona görə də 44 günlük müharibədə düşmən məğlub edildi və torpaqlar əsl sahibinə - Azərbaycan xalqına qaytarıldı.
Ölkəmizin qələbə çalmasında iqtisadi cəhətdən güclü olmağımız əsas rol oynadı və bu labüd idi. Azərbaycan uzun illər bu sahədə durmadan çalışaraq güclü iqtisadi dövlətə çevrilməyi bacardı. Xarici ölkələrdən asılılıq demək olar ki, yox dərəcəsinə düşdü. Güclü iqtisadiyyat bizə müharibəni qısa müddət ərzində qələbə ilə yekunlaşdırmağa imkan verdi. Eyni zamanda daxili vəsaitlər hesabına hazırda azad edilmiş torpaqlarda sürətlə tikinti-quruculuq işləri aparılır.
Onu da xüsusi vurğulamaq lazımdır ki, müharibənin qazanılmasında müasir silahlar və onu istifadə etmək bacarığı mühümdür. Çünki bu silahları istifadə etmək mümkün olmadıqda qalib gəlmək də çətin olur. Ancaq Azərbaycan hərbçiləri uzun illər xarici ölkələrdə qazandıqları təcrübələr hesabına müasir silahlardan rahat şəkildə istifadə etdilər. Bu da düşmənin məğlub edilməsini asanlaşdırdı və sonunda tab gətirməyərək təslim oldular. Kəlbəcər, Laçın və Ağdamı isə vuruşmadan tərk etdi.
Azərbaycanın ŞANLI qələbəsi bir çox ölkələrin hərbi məktəblərində dərsliklərə salınıb. Şuşanı əl savaşı ilə qazanmaq bir çox hərbi ekspertləri heyrətləndirib. Şuşaya gələn xarici nümayəndələr şəhərə baxanda təəccüb içində qalır və heyrətə gəlirlər. Öz ölkələrinə qayıdanda gördüklərini danışırlar. Bu da həmin ölkədə yaşayan azərbaycanlıları qürurlandırır. Onlar görürlər ki, Azərbaycanın qələbəsi həqiqətən dünyaya səs salıb.
Artıq bütün sərhəd boyu hərbi hissələr yaradılır. Azərbaycanın müzəffər ordusu yeni nəsil silahlarla təchiz olunaraq ölkəmizin keşiyində durur. Ordumuzun müasirləşməsi isə davam edəcək. Əsas hədəf Türkiyə ordusunun kiçik modelinin qurulmasıdır.
Bu işlər ona görə edilir ki, Ermənistan imzaladığı bəyanatları yerinə yetirmək baxımından vaxt uzatsa bilsin ki, qarşısında ən son silahlarla təchiz edilmiş və güclü hərbi taktikalara yiyələnmiş ordusu olan Azərbaycan var. Həmçinin, canından keçməyə hazır olan vətənpərvər oğullarımız var. Ona görə Ermənistan məğlub olduğunu etiraf etməli və tezliklə sülh müqaviləsi imzalamaq üçün hərəkətə keçməlidir.
Kəlbəcər 1993-cü ilin aprel ayında həmin dönəmdəki hakimiyyətin səriştəsizliyi ucbatından düşmənin əlinə keçmişdi. Lakin indi Kəlbəcər artıq Azərbaycanındır. Artıq burada tam sürətlə tikinti işləri gedir.
Prezident İlham Əliyev həmin gün Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində də iştirak edib və öz tapşırıqlarını verib. İstisu qəsəbəsində yeni su zavodu tikiləcək və İstisu suyu yenidən istehsal olunacaq.
Kəlbəcər və Laçın rayonları iqlim, relyef, və təbiət cəhətdən çətin yerdə yerləşir. Lakin bütün çətinliklərə baxmayaraq işlər öz axarı ilə davam edir. Məqsəd əhalinin bu rayonlara tezliklə qaytarılmasına şərait yaratmaqdır. Artıq Kəlbəcər şəhərinin Baş planı təsdiq olunub və göz oxşayır. Planda hər şey xırdalığına kimi nəzərə alınıb. Bu da ölkəmizin xalqına verdiyi ən böyük dəyərdir.
Bundan başqa Laçın rayonunda yeni hava limanı tikilir. Hava limanı üçün lazımi şərait olmasa da bütün çətinliklər dəf edilir. Məqsəd müasir və qüsursuz beynəlxalq hava limanını inşa etməkdir. Qarşıya məqsəd qoyulanda isə istənilən maneəni aşmaq çox asan olur.
Azərbaycan xalqı heç bir çətinlik qarşısında acız qalmır. Çünki xalqımız tikib-yaratmağı, yeni həyat verməyi bacarır. Bütün bunların hamısı artıq azad olunmuş ərazilərdə özünü göstərir. Xalqımız sevinc içində bütün gücüylə topraqlarımıza yeni nəfəs vermək üçün durmadan çalışır.
Görülən işlərin ən vacibi isə azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeylərinin inşa edilməsidir. Azərbaycan xalqı buna layiqdir. Çünki qələbənin əbədiləşdirilməsi üçün bu gözəl nümunədir.

Sabunçu rayonu, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova

Oxşar xəbərlər