Millətimin imzası var imzalar içində!

Millətimin imzası var imzalar içində! Uzun illər yolumuzu kəsən, üstümüzə çökən qaranlığı azadlıq məşəli ilə dağıdan, yox edən igidlərimizlə uğurlu və işıqlı gələcəyə doğru inamla dönməz addımlarla irəliləyir Odərlərin yurdu Azərbaycan! Adını tarixə Müzəffər komandan, Qarabağ fatehi kimi yazdıran cənab Prezident İlham Əliyevin liderliyi ilə şanlı dövlətimiz uzaqgörənlik, qətiyyətlilik, cəsarətli mövqe nümayiş etdirir. Azərbaycan heç vaxt öz haqlı mövqeyindən uzaqlaşmır, haqlının yanında durur, öz ədalətini itirmir. Torpaqları işğal olunan xalqlara humanitar yardımını əsigəmir. Zülmkardan qorxmur, əzilənin tərəfində durur.
Azərbaycan dünyada söz haqqına sahib, strateji cəhətdən önəmə malik ölkəyə çevrilməkdədir.
Cari ilin 18 may tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda cənab Prezident İlham Əliyev Litva və Azərbaycan arasındakı siyasi-iqtisadi əlaqələri yüksək qiymətləndirmişdir. Litva Prezidentinin səfəri ölkələrimiz arasında fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirmişdir. Ölkələrimiz arasında iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilmişdir. Uzun illərdir, Litva Respublikası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq davam edir. Həmçinin Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı Platforması kontekstində etibarlı enerji tərərfdaşı olmuşdur. Litva Respublikası da Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edir. Bununla bağlı Litva Prezidenti Azərbaycanın xüsusilə neft-qaz sahəsində xüsusi rol oynadığını vurğulamışdır.
Ölkəmizdə müasir infrastrukturun – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yollarının yaradılması uğurlu addımlardandır. Önəmli nəqliyyat mərkəzinə çevrilən Azərbaycan əsas ticarət yollarının kəsişdiyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir.
Son vaxtlar enerji problemi ilə üzləşən Avropa İttifaqı üzvlərinin enerji təhlükəsizliyini məhz Azərbaycan təmin edir. Enerji resursları baxımından ölkəmiz Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. İqtisadi vəziyyəti yaxşılaşan Azərbaycan daha da güclənərək nurlu istiqbala əmin adımlar atır.
Hal-hazırda neft-qaz sektoru ilə bərabər bərpaolunan enerji sahəsinə edilən investisiyalar iqtisadi gücümüzü artırır.
Təxminən 30 il ərzində danışıqlara sadiq qalan, bu müddətdə Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağıran ölkəmiz təəssüflər olsun ki, Avropadan heç bir kömək görmədi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən, amma yerinə yetirilməyən qətnamələrini Azərbaycan özü qətiyyətlə icra etdi.
İşğaldan azad olunan ərazilərdə erməni vəhşiləri quldurluq və talançılıqla məşğul olmuş, hər yeri darmadağın etmişlər. Vaxtilə atom bombası atılaraq yerlə-yeksan edilmiş Hirosimanın bir bənzəri də Ağdam şəhəridir. Fərq ondadır ki, Ağdam şəhəri erməni vəhşi quldur dəstələri tərəfindən dağıdılmışdır. İndi həmin dağıdılmış yerlərin bərpası əsas məsələlərdən biridir.
Bu gün Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyən Azərbaycan bu yolda gərəkli addımlar atır. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan yaransa da, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına maraq göstərmir.
Təhlükəsiz tərəfdaşlıqların davam etdirilməsi üçün Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirilməyinin zamanıdır.
BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğun olan, sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsip Ermənistan tərfindən qəbul olunmuşdur. Amma yenə də fitnəkar ölkə məsuliyyətsiz yanaşması ilə, əvvəlcədən müəyyənləşdirilmiş görüşləri pozmaqla regionda təhlükəsizliyə və sülhə zərbə vurur.
Cənubi Qafqazda sülhün təmini tək region ölkələri üçün yox, həmçinin Avropa İttifaqı ölkələri üçün əsas məsələlərdən olmalıdır.
Artıq həm siyasi, həm iqtisadi, həm də hərbi gücü günü-gündən artan doğma Azərbaycanımız bu gün qaydaları dəyişən dünyada əhəmiyyətli strateji tərəfdaş ölkəyə çevrilməkdədir. Yerləşdiyi coğrafi mövqeyi, əverişli nəqliyyat imkanları ilə, malik olduğu neft-qaz ehtiyatları ilə Avropanı özünə cəlb edən ölkəmiz uzaqgörən siyasətçi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər gün daha böyük uğurlara imza atmaqdadır.
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!


Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Səid Babayev

Oxşar xəbərlər