
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Xəbərə görə, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən işlər və Azərbaycan-Ermənistan dövlət sərhədindəki cari vəziyyət barədə ətraflı məlumat verilib.
Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən X.Kolomina Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığını müsbət qiymətləndirib. Bu əməkdaşlığın Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.
Sonda ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.