Qoşqar Zeynalov: Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və aparılmış təhlil imkan verdi ki, gələcək ordu quruculuğu daha effektiv təşkil olunsun

Qoşqar Zeynalov: Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və aparılmış təhlil imkan verdi ki, gələcək ordu quruculuğu daha effektiv təşkil olunsun Qoşqar Zeynalov - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir.

Azərbaycanda müasir ordu quruculuğu xüsusi diqqət mərkəzindədir. Azərbaycan Ordusunun illərdir özünümüdafiə tədbirlərini gücləndirməsi, yüksək keyfiyyətli hərbi arsenalını və bilikli kadr ehtiyatlarını artırması 44 günlük Vətən müharibəsində öz nəticəsini göstərdi. Milli Ordumuz qısa müddətli uğurlu müharibə apararaq, nəinki postsovet məkanında, o cümlədən, dünya miqyasında XX yüzilliyə öz möhürünü vurdu.

Silahlı Qüvvələrimiz müasir texnika, silah və sursatla təchiz olunmuş, ordunun zabit kadrları ilə komplektləşməsinə, hissə və birləşmələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə imkanlar yaratmışdır.

Belə ki, Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birləşmə və bölmələrində şəxsi heyətin intizamı yüksəlmiş, hərbi nizamnamələrin tələblərinə riayət olunması yüksək səviyyədə təmin edilmişdir. Görülmüş bu işlər sayəsində orduya çağırılan gənclərin az bir müddətdə əsl hərbçi kimi hazırlanmasına və formalaşmasına imkan yaratmış, müxtəlif hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün təlim mərkəzlərində gərgin işlər aparılmış, lazımi maddi-texniki baza və şərait yaradılmışdır.

Son illər ölkəmizdə sosial-iqtisadi sahələrdə görülən işlərlə paralel olaraq, hərbi quruculuq məsələləri də inkişaf etdirilir. Türkiyə, Rusiya, Pakistan, İsrail kimi ölkələrdən müasir və ən yüksək standartlara cavab verən silahlar alınaraq, ordumuzun texniki bazası gücləndirilir. Həmçinin daha hazırlıqlı qoşun növləri olan komando birliklərinin sayı artırılır. Artıq bir neçə komando hərbi hissəsi yaradılıb ki, bunlar da dağ-meşə relyefində döyüşə və düşmənin istənilən təxribatlarına adekvat cavab verə bilən hazırlıqlı qoşun növlərindən ən optimalıdır. Komando qüvvələrinin tərkibində xidmət keçən hərbçilərimiz həm Türkiyədə, həm də ölkəmizdə intensiv hazırlıqlar və təlimlər kurslarında olur, bilik və bacarıqlarını daha da artırırlar. Orduda islahatların intensivliyi göstərir ki, Azərbaycanda yeni, müasir, hazırlıqlı ordu korpusları yaradılır və hərbi qüvvələrimiz getdikcə daha mobilləşdirilir.

Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün bütün imkanlardan istifadə edilir.

Prezident cənab İlham Əliyevin ötən ilin dekabr ayında Hadrutda yeni hərbi hissənin açılışını etməsi də göstərdi ki, strateji əhəmiyyət daşıyan bu bölgədə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi, ordumuzun təchizatı üçün ən müasir silah-sursatın, hərbi texnikaların gətirilməsi vacib şərtdir. Bu hərbi hissənin açılması və burada yeni hərbi birləşmənin – komando briqadasının yaradılması bizim üçün yenilik olmaqla yanaşı, həm də hərbi gücümüzün artırılmasının göstəricisidir.

İkinci Qarabağ müharibəsi dövründə xalqımız Prezidentimiz və ordumuz ətrafında sıx birləşdi, möhkəm yumruq olduq. Düşmən üzərində tarixə yazılacaq qələbə çaldıq və 30 il işğalda olan 20% torpaqlarımızı azad etdik.

Yaşadığımız bu qələbəyə və bu böyük sevinc hissinə görə ordumuza, Ali Baş Komandanımız cənab İlham Əliyevə nə qədər minnətdar olsaq azdır.

Yaşasın Ali Baş Komandanımız!

Yaşasın Şanlı Azərbaycan Ordusu!

Oxşar xəbərlər