Mehriban xanım Əliyevanın UNESCO səviyyəsində çoxşaxəli fəaliyyəti yüksək dəyərləndirilir

Mehriban xanım Əliyevanın UNESCO səviyyəsində çoxşaxəli fəaliyyəti yüksək dəyərləndirilir Müxtəlif sahələrdə mühüm xidmətlərinə görə Azərbaycan xalqının dərin rəğbət və sevgisini qazanmış, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ictimai-siyasi həyatda hər kəs üçün bir nümunədir. Prezident İlham Əliyevin sözü ilə desək, Mehriban xanım Əliyeva çox peşəkar, bilikli, təcrübəli və çox xeyirxah insandır. Azərbaycan xalqının ona olan sevgisi də məhz bundan irəli gəlir. Birinci vitse-prezident Mehriban Əliyeva öz həyat kredosuna sadiq, xalqın, ölkənin mənafeyi naminə uğurlu fəaliyyətini davam etdirir və onun gördüyü işlər Azərbaycan xalqında böyük sevgi və məmnunluq hissi oyadır. Böyük əzmkarlığı və təşkilatçılığı ilə fərqlənən Mehriban Əliyeva Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə sosial rifahın yüksəldilməsində, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfələr vermiş və onun təşəbbüsü ilə həyata keçirilən layihələr milli dəyərlərin qorunmasına və ictimai şüurda möhkəmlənməsinə xidmət edir.

2017-ci ilin mart ayının 9-da Birinci vitse-prezident ilk müşavirəsini Bakı və Sumqayıt yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin problemlərinə həsr etdi. Prezident İlham Əliyevin təsdiqlədiyi müvafiq proqramlara əsasən respublikanın müxtəlif bölgələrində 100-ə yaxın müasir yaşayış kompleksi salınıb. Birinci vitse-prezident ilk müşavirəsində qarşısına konkret vəzifə qoyub. Mehriban Əliyeva müşavirəsində bildirib ki, qəzalı binalarda yaşayan bütün köçkün vətəndaşlarımızı yeni mənzillərlə təmin etmək qarşımızda duran əsas məqsəddir.

2017-ci ilin may ayının 30-da Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün “ Ümid” yaşayış kompleksinin təməli qoyuldu.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi fəaliyyətində yeni bir layihənin əsasını qoydu. Bu layihə “2016- cı ilin aprel döyüşlərində yaralanmış əsgər va zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” adlı layihədir. Həmin layihə onun vətənpərvərliyini, Azərbaycanın hər bir vətəndaşının dərdinə şərik olması və bir sözlə, ana hərarətini ifadə edir. Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən iştirakı ilə 2017-ci il aprelin 3-də layihənin təqdimat mərasimi keçirilib. Döyüşlərdə xəsarət almış əsgər və zabitlərimiz layihə çərçivəsində dünyanın müasir protez istehsalçıları olan Almaniyanın “Ottobock”, İslandiyanın “Ossur”, İngiltərənin “RSL Steeper” və ABŞ-in “ Fillauer” şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunublar.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti rəhbərlik etdiyi Ümumilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiramın ifadəsi olaraq onun adını daşıyan Fondun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrin əsas qayəsini təşkil edir. Həmçinin xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına əvəzsiz töhfələr verir. Bu fəaliyyət xarici ölkələr və təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Mehriban xanım Əliyeva eyni zamanda həm UNESCO-nun, həm də İSESCO-nun xoşməramlı səfiridir. O, mədəniyyət, təhsil, elm sahələrində geniş fəaliyyət göstərir. UNESCO baş qərargahında indiyədək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilir.

Mehriban xanım Əliyevanın UNESCO səviyyəsində çoxşaxəli fəaliyyəti yüksək dəyərləndirilir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri bərpa edilərək onlara ikinci həyat verilib və UNESCO-nun müvafiq siyahılarında yer alıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın geniş miqyaslı fəaliyyətlərini uğurlu edən xalqın ona olan etimadından irəli gəlir. O, Azərbaycan naminə fəaliyyətində gücü məhz xalqının ona olan sevgisindən alır.

Onun uzaqgörən ictimai-siyasi fəaliyyəti geniş miqyasda fəal və dünyəvi Azərbaycanın qadını obrazının formalaşmasında mühüm rol oynayır. Mehriban xanım Əliyevanın humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də digər ölkələrdə yaşayan qadınlar üçün örnək olmaqla yanaşı, həmçinin bu gün Azərbaycan Respublikasında siyasətin prioritet istiqamətlərindən biri olan qadınların cəmiyyətdə olan əhəmiyyətli rolunun, eyni zamanda dövlət və ictimai sektorda fəallığının möhkəmləndirilməsinə xidmət edir.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin

ibtidai sinif müəllimi Arzu Məmmədova

Oxşar xəbərlər