Mehriban Əliyeva müasir qadın dövlət xadimi obrazıdır

Mehriban Əliyeva müasir qadın dövlət xadimi obrazıdır Mənəviyyat hardadır, ədalət, insanpərvərlik, dürüstlük kimi keyfiyyətlər də ordadır. Bu gün belə bir nəcib missiyanı yüksək məsuliyyət hissilə üzərinə götürərək şərəflə, əzmlə həyata keçirən insanlar arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ön sırada dayanır.

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Dövlət idarəçiliyində funksional vahid kimi bu institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir.

Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir. 2017-ci il 21 fevral tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasını Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Birinci vitse-prezident kimi ilk çıxışında qeyd etmişdir: “Vəzifəsindən asılı olmayaraq insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, buna nail olmağa çalışmalı, söz və əməlində bütöv olmalıdır… Mən əmin edirəm ki, gələcək fəaliyyətimi bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Mehriban xanım Əliyevanın Birinci vitse- prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı. Mehriban xanımın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir. Vitse-prezident ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür, Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır, ölkədə idman hərəkatının davamlılığını təmin edir, ekoloji problemlərin həllinə dəstək göstərir, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir.

Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin Mehriban xanımın 2019-cu ildə UNESCO-nun Ümumdünya İRS Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması mühüm tarixi hadisədir.

Birinci vitse-prezidentin fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artırılmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanımın xeyriyyəçilik tədbirlərinin coğrafiyası genişdir və bir çox ölkələri əhatə edir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır. Onun xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Mehriban xanımın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları ilə keçirdiyi

çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Mehriban xanımın misilsiz fəaliyyəti Ölkə rəhbərliyi və xarici dövlətlər tərəfindən yüksək dəyərləndirilmiş, ən ali dövlət mükafatlarına layiq görülmüşdür. Çoxsaylı fəaliyyətinə görə layiq görülmüş təltiflərin hər birinin arxasında bilik, ağıl, iradə, peşəkarlıq, təcrübə, prinsipiallıq, xeyirxahlıq və ən əsası xalqına, dövlətinə, bəşəriyyətə sevgi dayanır.

Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanımın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Qarabağ müharibəsi şəhidlərinin övladları, valideynləri və doğmalarına Vitse-prezidentin xüsusi diqqət və qayğısı olmuşdur. Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Bakı və regionlardakı Körpələr və uşaq evləri, internat məktəbləri, habelə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələri koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilmişdir.

Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamalayır. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə geniş miqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. O, ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyiyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət mexanizmini əhatə edir.

Milli dəyərlərə sadiqlik Mehriban xanım Əliyevaya xalqın rəğbət və sevgisini qazandırdı. Mehriban xanım öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Bütün varlığı və əzmkar fəaliyyəti ilə azərbaycançılıq ideologiyasına xidmət edən Birinci vitse-prezident dövlətçiliyin qorunması naminə uğurla fəaliyyət göstərir.

Ramana qəsəbəsi, 90 saylı tam orta məktəbin

direktor əvəzi Svetlana Nəbiyeva

Oxşar xəbərlər