Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır

Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır Yaradılışdan etibarən, əsrlər boyu tarixi münaqişələr hər zaman olub və olacaqdır. Ötən əsrin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərdi. Erməni vandalları təkcə bugün deyil, tarixin müxtəlif dövrlərində zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib, fürsət yaranan kimi öz havadarlarının yardımı ilə azərbaycanlıları öz dədə-baba torpaqlarından qovub çıxarmışlar. XX əsrin sonunda isə bu vəhşilik son həddə çatdı. Heç bir beynəlxalq konvensiyalara, beynəlxalq hüquq normalarına, nüfuzlu təşkilatların qəbul etdiyi qətnamələrə məhəl qoymayan Ermənistanın layiqli cavabı, nəhayət ki, 2020-ci ildə Azərbaycanın şanlı ordusu tərəfindən verildi. 44 günlük vətən müharibəsi zamanı bütün Azərbaycan bir yumuruq kimi, bir bayraq altında birləşdi. Bütün dünya Azərbaycandan yazdı, bütün dünya Azərbaycandan danışdı. Kimi qərəzli, kimi qərəzsiz, kimi haqlı, kimi haqsız... Dünyanın ən tanınmış mətbu orqanlarının nümayəndələri Prezident, Qüdrətli Sərkərdə İlham Əliyevin görüşünə can atdı. Söz oyunları ilə təzyiq göstərdilər, basqı yaratmağa çalışdılar. Lakin hər biri təmkinlə, səbirlə qarşılandı.

Indi hər kəsi düşündürən məsələ müharibədən sonrakı vəziyyətdir. Ermənistan kapitulyasiya aktına imza atmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəkmi? Təbii ki, yerinə yetirməyə borcludur, amma hər vəchlə məsuliyyətdən boyun qaçıran, müxtəlif bəhanələr və qarayaxma kampaniyaları ilə prosesi yubatmağa çalışan Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir.

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında, eləcə də dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibəsi zamanı Azərbaycanın sülhə hazır olduğunu, Ermənistanın öz revanşist düşüncələrindən əl çəkməsinin vacibliyini vurğulayıb. Bu, ilk növbədə onların öz xeyirinədir. Bunu anlamalı, dərk etməlidirlər. Ermənistan rəhbərliyi isə hələ də mənasız inadından əl çəkmir, 30 il ərzində buraxdığı səhvləri durmadan təkrar edir. Təbii ki, istənilən halda Azərbaycan öz ərazi bütövlüyünə olunan hər bir təcavüzün qarşısını almaq iqtidarındadır. Lakin bu gün biz savaşın deyil, münasibətlərin normallaşmasının, kommunikasiyaların açılmasının marağındayıq.

Bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir. Bəli, bu belədir və Ermənistan da bugünki reallıqla barışmalı, öz məğlubiyyətini həzm etməlidir.

Tarix olanları unutmur, unutdurmur. Haqq, ədalət gec-tez yerini tapır. Tarixi kökləri olan, kökləri vətənin, torpağın bağrına sancılan, torpağın dərin qatlarında keçmişini, adət-ənənəsini basdıran xalqı qoparıb atmaq mümkün deyil. Canımızla, qanımızla yoğurduğumuz bu vətən qürurumuz, şərəfimiz, mənliyimizdir... Şanlı qələbəmizin səbəbi, sirridir...

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin

müəllimi Vüsalə Allahverdiyeva

Oxşar xəbərlər