Qurban Qurbanov: “İnsan haqlarını bu dərəcədə yemək olmaz” - MÜSAHİBƏ

Qurban Qurbanov: “İnsan haqlarını bu dərəcədə yemək olmaz” - MÜSAHİBƏ "Məğlub olsaq da, futbolçularımı təbrik etmək istəyirəm. Qarşıya qoyulan minimum vəzifəni yerinə yetirdik".

Apasport.az bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin son turunda "Bazel"lə keçirilən oyunu dəyərləndirərkən deyib.

Təcrünəli mütəxəssis komandasının 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra mətbuat konfransında bu fikirləri səsləndirib: "Qalib gəlməyi çox istəyirdik. Futbolçularıma tapşırıq vermişdim ki, istənilən nəticədə hücumdan geri çəkilməli deyilik. Sona kimi bunu etdik, xeyli sayda qol epizodlarımız oldu. Əlbəttə ki, bəzilərindən istifadə etmək lazım idi. Bir az həyəcanın, heç nədən buraxılan qolun da təsiri oldu. İstənilən halda futbolçularımdan çox razı qaldım. Bu il çox uğurlu oyunlar keçirdilər. Bütün matçlarda eyni istək, sürət, dinamika izlədik, daha çox hücumda olmaq tələbinin qarşılandığının şahidi olduq. Rəqibi də təbrik etmək istəyirəm. Bu gün istədiklərinə çatdılar. Biz isə istəyimizə tam çata bilmədik. Mənim üçün nəticədən çox oyunçuların belə matça köklənməsi önəmli idi. Bunu da yaxşı şəkildə gördüm. Onların hər birini qucaqlayıram".

- Bu cür hakimlikdən bezməmisiniz?

- Bezmək deyəndə, qarşıda bizi daha ağır qərarlar gözləyir. Bunların sayı da arta-arta gedir. Niyə belə olduğunu bilmirəm. Ümumiyyətlə, təkcə bizim yox, bəzi oyunları təhlil etmişəm. Həqiqətən də, reytinqi aşağı olan komandalara yuxarıdan baxırlar. Sanki digər komandaya daha çox simpatiya bəslənilir. Dəfələrlə şahidi olmuşuq. İnsanda necə ürək olmalıdır ki, bu qərarı versin? Bəlkə yeni turnir olduğu üçün burada VAR və "Goal line" sistemi tətbiq olunmayıb. Ancaq sanki hakimlər bundan istifadə edirlər. Bunu görməmək, qolu saymamaq... Gedişata baxanda hər şey tam əksinə olmalı idi. Qolumuz sayılsaydı, bizdə olan boşluqlar rəqibdə yaranacaqdı. Sadəcə, onların vicdanına buraxıram. Dəfələrlə demişəm ki, insan haqlarını bu dərəcədə yemək olmaz. Yenə də ruhdan düşmürük, "sınmırıq". Əksinə, onlara qarşı daha çox mübarizə aparacağıq. Çünki dəfələrlə başımıza gələn hadisədir. Bu olaylar bizi futboldan iyrəndirə bilməz. Əksinə, bizə daha çox güc verir. Sadəcə, futbolçuların əziyyəti yerdə qalır. Azarkeşlərimizin də istəyi, arzusu var. Bəlkə də, bizə yuxarıdan aşağı baxırlar. Amma başımızı dik tutub gəzirik. "Bazel" kimi komandaya qarşı oynamağımıza baxmayaraq, hücum futbolundan əl çəkmədik, rəqibin üzərinə getdik, xeyli sayda qol epizodu yaratdıq. Əlbəttə, çatışmazlıqlarımız da var. Ancaq ruhdan düşmürük, əksinə, səhvlərimizdən nəticə çıxararaq, qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq.

- Oyunun taleyini, bəlkə də, İbrahima Vadji təkbaşına həll edə bilərdi. Çünki 4-5 yüz faizlik qol imkanı var idi...

- Qol epizodlarına baxanda belə düşünə bilərik. Amma bəzən belə oyunlarda təcrübə daha çox kömək edir. Ola bilər ki, həmin epizodlarda həyəcanlı idi. Amma çox əziyyət çəkdi. Sürəti hesabına həmin epizodlarda öz gücünü göstərdi. Belə matçlarda sırf ona irad bildirsəm, düzgün çıxmaz. İl ərzində, bəlkə də, 3-4 oyunda belə hal yaşanır. Ustalığı daha yaxşı olsaydı, əlbəttə ki, istifadə edə bilərdi. Lakin bütün gücünü meydanda qoydu. Üstəlik, Vadji ilk dəfədir belə turnirə qatılır. Onun haqqında pozitiv düşünək. Vadjini qarşıdakı görüşlərdə daha yaxşı görəcəyik.

- Qolunuzun sayılmaması futbolçulara psixoloji cəhətdən təsir etdimi?

- Məncə, oldu. Sanki bir az ruhdan düşdülər. Oyundan əvvəl də onlara demişdim ki, düşünməyin ki, hakim bizə qarşı qərəzli idarəçilik edəcək. Ancaq birinci hissənin son 10-15 dəqiqəsində ruh düşkünlüyü hiss olundu. Halbuki sayılmayan qol epizodundan sonra daha ürəkli oynamağa başladılar və səhvlərə çox yol verdilər. Amma gördüm ki, öz aralarında bu barədə danışırlar. İlk hissədən sonra dedim ki, belə şeyə qətiyyən fikir verməyin. Onları sakitləşdirməyə çalışdım. Nə qədər danışsaq, artıq gecdir. Çox istərdim ki, nəinki bizim, heç kimin haqqına girməsinlər. Çünki onlar ədaləti qoruyub-saxlayan insanlar olmalıdır. Əfsuslar olsun ki, aralarında belələri də olur. Bu cür turnirlərdə və eynisəviyyəli klubların görüşündə kiçik bir səhv hansısa komandanın nəticəsini əlindən alır. Bu üzdən belə matçlarda daha çox diqqətli olmalıdırlar. Biz bütün oyunlarda, xüsusən də, belə matçlarda ədalətli hakimliyin olmasını istəyirik.

Oxşar xəbərlər