Xarıbülbül festivalı tarixi ədalətin bərqərarı deməkdir

Xarıbülbül festivalı tarixi ədalətin bərqərarı deməkdir 2020- ci il Azərbaycan tarixinə qürurla anılacaq səhifələr yazdı. Həm indiki nəsil, həm də gələcək nəsil bu səhifələri şərəflə vərəqləyəcək. Xalqın tapdalanmış şərəfini yenidən qanımızla, canımızla bərpa etməyimiz tarixi qələbənin möhtəşəmliyini bir daha vurğulayır. Mənəvi və maddi varlığımıza vurulan zərbələr nə qədər ağır və çox olsa da xalqımız 28 ildə dədə-baba torpaqlarına yenidən qovuşacağına, ona mənsub olanlara yenidən sahib olacağına heç vaxt ümidini itirmədi. Xalqımız çox niyyətlər edirdi - kimi qurban kəsəcəyini, kimi bir daş üstə oturub doyunca vətənə baxmağı, kimi bir ovuc torpağı qoxlamağı…Amma böyük torpaqlarda hamımızın daha böyük diləkləri olur. Bu diləklərdən biri də Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada Xarıbülbül festivalını keçirməkdir. Dilək və arzularımızı gerçək edən möhtərəm prezidentimiz xalqın bu arzusunu da gerçəkləşdirdi. Xarıbülbül festivalı 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdır. Hər il bu festival keçiriləndə Qarabağ bayram libasını geyinirdi. Tanınmış musiqiçilər ən gözəl əsərlərini bu festivalda səsləndirirdi. Festivalın əks-sədası hər yerə yayılırdı. Bu festival həm də birlik mənasını daşıyırdı. Erməni işğalı bu festivalı da müvəqqəti dayandırdı.

Budur 2021-ci ilin may ayı. Cıdırdüzü yenı də bayram libasını geyinib, yenə də Qarabağı musiqi sədaları bürüyüb, yenə də insanlar birlikdə yallı oynayırlar. Mayın 12-si və 13-ü Şuşanın ruhu təzələndi. Cənab prezidentimiz xalqına verdiyi sözü əminliklə yerinə yetirdi. Uzaqgörən siyasəti, xalqına olan sonsuz məhəbbəti, xalqın ona olan inamı xalqımızı qalib etdi. O, festivalın açılışında qalib olmağın sirlərini açanda bir daha torpaqlarımızı azad edərkən şəhid olan oğullarımızı, dəmir yumruq kimi birləşən xalqın əzmkarlığını vurğuladı.

Düşmən mədəni abidələrimizə nə qədər ağır zərbə vursa da, xalqın ruhunu qıra bilmədi.Şuşa şəhərində Yuxarı Gövhərağa məscidi sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindən sayılır. Bu şahanə məscid sırasında dayanan 17 məscid də şəhərə xüsusi gözəllik və müdriklik gətirirdi.1992-ci ilin mayında Şuşanın işğalı zamanı Yuxarı Gövhərağa məscidinin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnib ,interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu. Yuхarı Gövhərağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa işğaldan azad olan kimi cənab prezidentin əmri ilə məscidin dərhal yenidən qurulmasına başlanıldı. Burada bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

Budur məscid artıq əvvəlki vəziyyətinə qayıdıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa

məscidinə ziyarət etdilər. Bəli, Şuşada Xarıbülbül festivalının keçirilməsi, Yuxarı Gövhərağa məscidinin yenidən bərpası bizi daha da inamla yaşamağa və yaşatmağa sövq edir, düşmənin tarixi ədalət qarşısında acizliyini göstərir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin direktoru Fərqanə Abbasova

Oxşar xəbərlər