
Reallıq ondan ibarətdir ki, ötən 1 il ərzində pandemiya səbəbindən dünya iqtisadiyyatı yüz milyardlarla dollar itkiyə məruz qaldı. Dünyanın bir çox ölkələri iqtisadi geriləmə yaşadı, borclanma getdikcə artdı, hətta dövlətlər oldu ki, vətəndaşlarına sosial ödənişləri belə həyata keçirə bilmədi. Pandemiyanın yaratdığı ağır sosial-iqtisadi vəziyyəti idarə etməyi bacarmayan, yaranmış çətin situasiyadan çıxış yolu tapa bilməyən hökumətlər istefa verdilər, bir çox ölkələrdə mitinqlər, aksiyalar keçirildi. Təsadüfi deyil ki, bu gün də Belçika, Niderland, Fransa, Almaniya kimi Avropa ölkələrində hökumətlərin pandemiya siyasətinə qarşı davamlı etiraz aksiyaları keçirilir. Lakin həmin ölkələrdən fərqli olaraq Azərbaycanda hakimiyyət situasiyanı rasional şəkildə idarə etdi. İnsanların nəinki sosial ödənişləri zamanında verilirdi, hətta vətəndaşlara, sahibkarlara dövlət yardımı da həyata keçirilirdi. Çətin məqamda dövlətin prioriteti birbaşa insanların sağlamlığı və normal yaşayışı idi ki, bu missiya da çox uğurla reallaşdırıldı. Çünki dövlətin siyasətinin mərkəzində insan amili dayanır və Prezident İlham Əliyevin də məqsədi insanların sağlamlığının qorunması ilə yanaşı, ölkəmizin iqtisadi dayanıqlılığının təmin edilməsi fonunda sosial müdafiə tədbirlərini həyata keçirməklə əhalinin sosial rifah halını daha da yaxşılaşdırmaqdır. On illər ərzində görülən işlər, açılan sosial obyektlər, istehsal müəssisələri bir daha Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafını təmin etdiyini, ən əsası dünyaya yeni iqtisadi modelini nümayiş etdirdiyini göstərir.
Quliyev Yasin, 71 saylı tam orta məktəbin direktoru