SMS-lərin 91 faizi bir dəqiqə ərzində cavablandırılıb — RƏSMİ

SMS-lərin 91 faizi bir dəqiqə ərzində cavablandırılıb — RƏSMİ “Bu sistem Azərbaycan üçün yeni bir informasiya mexanizmi idi. İlk gün 8103 qısa nömrəsinə 800 min SMS göndərilib”.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real TV”nin efirində deyib.

O bidlirib ki, bu heç də asan mexanizm deyil:

“SMS üzərində qurulan sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi vasitəsilə onun ilk dəfə, yoxsa təkrar göndərildiyini müəyyən edə bilir. İlk günlər çağrı mərkəzimizə çoxsaylı zənglər gəlirdi. İlk olaraq SMS-lərin cavablandırılması üçün təxminən bir saata qədər vaxt nəzərdə tutmuşduq. Bəzi şəxslərdə cavab SMS-i bir qədər gecikə bilirdi. Amma bir dəqiqə ərzində cavablandırılan SMS-lərin sayı daha çox olub.

Qeyd edim ki, aprelin 5-dən bu günə qədər bir dəqiqə ərzində cavablandırılan SMS-lərin ümumi sayı 91 faizdir. Bu kifayət qədər ciddi rəqəmdir. Toplam iki dəqiqə ərzində cavablandırılan SMS-lər ümumi cavablandırılan SMS-lərin 97 faizinə bərabər olub”.

F.Cəfərli günün müəyyən saatlarında sistemin müəyyən qədər yükləndiyini də qeyd edib:

“Aprelin 5-dən bu günə qədər olan dinamikaya nəzər salsaq, günün müxtəlif saatlarında sistemdə yüklənmələrin olduğunu da demək lazımdır. Bu, əsasən, səhər saat 10:00-dan-12:00-a, 14:00-dan-17:00-a, eyni zamanda axşam saat 19:00-dan 21:00-a qədər olan bir dövrü əhatə edirdi. Bu da insanların hərəkət intensivliyi ilə, işə gediş-gəliş saatları ilə əlaqəli olub. Həmin dövrlərdə müraciətlərin sayı 1,1 milyona qədər qalxmışdı. Artıq son günlərdə müraciətlərin sayı xeyli azalıb. Dünən üçün qeydə alınan statistikaya görə, müraciətlərin sayı 880 minə yaxın olub. Həmin müraciətlərin təxminən 80 faizinə (710 minə yaxın müraciətə) müsbət cavab verilib.

İcazələrlə bağlı qeyd etdiyim rəqəmlər ümumi olaraq bütün respublika ərazisini əhatə edir. Lakin təbii olaraq, onların təxminən 50 faizi Bakının payına düşür. Bu rəqəmlər Azərbaycan üçün yaxşı göstəricidir. Vətəndaşlar ilk günlərlə müqayisədə son dövrlərdə evdə qalmağa daha çox üstünlük verirlər. Bu da çox yaxşı haldır”.

Oxşar xəbərlər